Dr. Allerqoloq Vəfa Tarverdiyeva: Allergik dəri testi nədir

Dəri testi allergik xəstəliklərin  diaqnostikasında ən əsas və dəqiq müayinə metodlardan biridir. Dəri testi  dəridə mast hüceyrələrinə bağlı olan sİgE antikorların varlığını göstərir.

 Dəri allergik testləri​:

  1. Hər yaşda rahatlıqla istifadə olunur
  2. Aşağı maliyyətlidir
  3. Güvənlidir

Dəri testləri 2 növdə olur: skarifikasion və prick testlər.

1. Skarifikasion (cızma) testlər  zamanı dəriyə allergen damızdırılır və  skarifikatorla dəridə xırda cızma aparılır. 15 dəqiqədən sonra yaranan papulanın diametri ölçülür və 3 mm çox olarsa testin nəticəsi pozitiv sayılır. Skarifikasion dəri testi zamanı cızmanın  uzunluğu və dərinliyi konkret həkimin istifadə texnikasından asılıdır. Kapilyarlar zədələndikdə cavablar düzgün olmur. Testin aparılmasının texniki xüsusiyyətləri və 2 yaşa kimi uşaqların dərisinin çox həssas olmağı səbəbindən  skarifikasion testlər bu yaş kateqoriyasında çox zaman yalnış (+) və ya yalnış (-) cavablar verir. Ümumiyyətlə dəri testinin bu növü hal-hazırda postsovet məkanından başqa dünyanın digər ölkələrində istifadə olunmur.

2. Prick dəri testləri skarifikasion testlərin modifikasiya olunmuş növüdür. Bu test zamanı dəridə cızma deyil, xüsusi prick lansetlərin vasitəsi ilə dəriyə zərif toxunuşla iynə batırılır. Prosedura ağrısızdır, standartlaşmış prick-lansetlərlə aparıldığından  müəyyən edilmiş dərinlikdən artıq lanseti batırmaq mümkün deyil, kapilyarlar zədələnmir. 2 yaşa kimi uşaqların dərisinin çox həssas olduğuna baxmayaraq, prick testlər bu yaş qrupunda  yüksək dəqiqliyə malikdir.

Avropa  Akademiyasının Allerqoloq və Klinik İmmunoloqlarının ( ЕАААСI) və Amerikanın Allergiya Astma və İmmunologiya Akademiyasının (AAAAI)  protokollarına əsasən dəri prick testlərini 1 ayından aparmaq olar.

Dəri prick testi etmədən bu dərmanlar kəsilməlidir:

  1. Antihistamin preparatlar ( 1- 7 gün öncə, dərmandan asılı olaraq)
  2. Antihistamin nazal spreylər ( 3 gün öncə)
  3. Antihistamın göz damcıları ( 3 gün öncə)
  4. Ranitidin, simetidin kimi H2 reseptorların antaqonistləri ( 48 saat öncə)

Dəri prick testlərə əks göstərişlər

Dəri prick testlərinə əks göstərişlər aşağıdakılardır:

  1. Antihistamin preparatlarının dayandırılmasının mümkünsüzlüyü
  2. Allergenlərlə anafilaksiya riskinin yüksək olması (kontrolsuz bronxial astma, anamnezdə ağır kliniki simptomların allergenlə təmasdan sonra dəqiqələr içində inkişaf etməsi )
  3. Son 1 ayda anafilaksiya keçirən xəstələrdə
  4. Dəri xəstəlikləri (kəskin və  xroniki övrə, dermaqrofizm, dəri mastositozu)
  5. Hamiləlik                                                               

M.Mirqasımov adına Respublika Kliniki  Xəstəxana, Allerqologiya  şöbəsi, Azerbaycan Allerqoloqlar Immunoloqlar Immunreablitoloqlar cəmiyyətinin  üzvü  Allerqoloq Vəfa  Tarverdiyeva.