ŞAİR TOFİQ NURƏLİ: Heykəllər ağlayır yağış yağanda

Heykəllər ağlayır yağış yağanda

Hərəsi tarixdə bir səs, bir səda
Yaşayır ömrünün heykəl çağında.
Hamının ürəyi kövrəlirsə də
Heykəllər ağlayır yağış yağanda.

Deməyin yağışdır yağır buluddan
Göylərin ürəyi dolub ağlayır.
Leylini Məcnuna qovuşdurmayan
Füzuli peşiman olub ağlayır.

Qəlbi kövrəlsə də öldürəcəkdir,
Kişidir dayanıb sözünün üstə.
Bəhram qılınc çəkib, gözləri yaşlı
Əjdaha ağlayır dizinin üstə.

Gözləsin nə qədər, dözsün nə qədər
Bezikib səbrindən səbir ağlayır.
Qısılıb tarixin divarlarına
“Səbr eylə” söyləyən Sabir ağlayır.

Daşalr ağlayırsa fəlakət olub
Axı ürəyi var daşın, dağın da.
Hamının ürəyi kövrəlirsə də
Heykəllər ağlayır yağış yağanda.

 

SEVGİ YAŞI
Adamla doludu indi bu şəhər..,
İşə gecikmirəm,qaçmıram işdən…
Məni də ram etdi həyat birtəhər–
Bir az başım çıxdı alış-verişdən…

Özümdən çıxmıram əvvəlki kimi..,
Köçüb ürəyimdən gedib o təlaş.
Daha axtarmıram səadətimi–
Olmayan bir şeyi gəzməkmi əlac?!.

Dostlar xəbər almır səni də daha..,
Bir də ki..,dostların çoxusu…yoxdur…
Səninlə rastlaşmaq həyəcanı yox..,
Səni də itirmək qorxusu yoxdur…

İtənin nəyini itirəcəyəm?..
Deyək ki,lap tapdım?–nə faydası var?
O başqa dünyaydı..,bu başqa dünya–
Hərənin qaydasız öz qaydası var…

Bilmirəm o sevgi qalır, ya da yox,
Elə bil canımda həyat yorulur…
O sevgidən mənə çatanlara bax–
Ürəyim həm boşdu..,həm də ki..,dolu…

Bir zaman yağışlar bizimki idi..,
Özgə könüllərə yağır indilər…
Bir vaxt pəncərəmdən baxan ulduzlar
Özgə pəncərəyə baxır indilər…

Həmən bu yağışlar səndən çox kiçik,
Yağdığı könül də pöhran-pöhrandı…
Həmən bu ulduzlar sevgi yaşında,
Həmən pəncərə də məndən cavandı…

…Adamla doludu indi bu şəhər….

 

Səni gözləyirdim

Mən səni bu dəfə çox gözlədim, çox…
Kövrəldim gecəni döyəndə yağış…
Səni gözləyirdim gör neçə vaxtdır,
Səni gözləyirdim bu qar düşməmiş…
Mən ki çox gözlədim, nə gizlədim, çox…
Mən səni bu dəfə çox gözlədim, çox

Bəlkə gəlməyəsən, heç gəlməyəsən…
Bir az da gözlərəm, sonra nə bilim…
Dözümüm çatarmı gözləyəm yenə?..
Bəlkə də unutdum lap yerli-dibli…
Ya da neyləyim ki, gec gəlməyəsən?!
Bəlkə sən bu dəfə heç gəlməyəsən?..

Hər şey çox uzanıb həddin aşanda,
Gözləmək özü də düşəndə gözdən,
Eyni şey olanda gözlə-gözləmə…
gözləmək mənasız olubsa, gəlmə…
Qapını açmağın bayram deyilsə,
gəliş təmənnasız olubsa, gəlmə!

Səbrin üstünü də basıbsa bu qar,
Bu ayaz gecəyə çaxırsa şimşək
Onda yum gözünü,qaldır badəni:
Açılmayan qapıların şərəfinə
İçək son qədəhi, sonacan içək…

Mən səni bu dəfə çox gözlədim, çox…
…Səni gözləyirdim bu qar düşməmiş.

 

 

Pressaz.az -Könül Səssiz