Masallıda ev, Tovuzda məktəb yanıb – ölən və yaralananlar var – VİDEO

 

Masallıda yaşayış evində qaz sızmasından partlayış olub.

Pressaz.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə zamanı üçü uşaq olmaqla 4 nəfər xəsarət alıb. Uşaqlardan biri sonrandan dünyasını dəyişib.

Partlayış hadisəsi Masallı rayonu, Sığınacaq kəndində Əbülfəz Müseyibova məxsus ikimərtəbəli, 5 otaqlı evdə baş verib. Hadisə zamanı evdə Günel Kərimova və onun iki oğlu – 13 yaşlı Əli Müseyibov, 8 yaşlı Məhəmməd Müseyibov, həmçinin Günel Kərimovanın qardaşı oğlu 12 yaşlı Sənan Kərimov olub. Partlayış vaxtı Günel Kərimova evin ikinci mərtəbəsində namaz qılıb. Uşaqlar isə oynamaq üçün birinci mərtəbəyə daxil olublar.

Qonşular tərəfindən dərhal təcili yardım xidmətinə məlumat verilib.Təcili yardım gələnə qədər isə hər 4 yaralı qonşular və qohumlar tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Burada onlara ilk tibbi yardım göstərildikdən sonra Əli, Məhəmməd və Sənan ağır yanıq xəsarətləri ilə paytaxdakı xəstəxanalardan birinə göndərilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq Əli Müseyibovun həyatını xilas etmək mümkün olmayıb.

Tovuzda isə musiqi məktəbində yanğın olub. Dərs zamanı “Xor dərnəyi” sinfində elektrik naqillərində yaranan qısaqapanma yanğına səbəb olub. Alov sinfin yanar konstuksiyalarını ağuşuna alıb. Dərhal əraziyə Tovuz rayon Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən avtomobili və 15 nəfər canlı qüvvəsi cəlb edilib. Yanğının digər siniflərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı müəllimlərin üst geyimləri də yanıb. Şagirdlər və müəllimlər təxliyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: