AMEA-nın prezidenti Sankt-Peterburqun universitetində mühazirə oxuyub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində “Müasir Azərbaycan elmi” mövzusunda mühazirə oxuyub.
Pressaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunda AZƏRTAC-a bildiriblər ki, Rusiyanın şimal paytaxtında Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunun 200 illik yubileyinə həsr olunmuş “Rusiya və Şərq. Rusiya akademik şərqşünaslığının 200 illiyi” beynəlxalq forumu keçirilib. İnstitut 1818-ci ildə İmperator Elmlər Akademiyasının Asiya Muzeyi adı altında fəaliyyətə başlayıb və Rusiya və Avrasiya məkanında bütün əsas şərqşünaslıq mərkəzlərinin əsasını qoyub.
Forumda Azərbaycan nümayəndə heyətinə AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik edib. Tədbirdə, həmçinin ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov iştirak edib.
Forumun işində 20 Asiya və Avropa ölkəsindən 300-dən çox alim, milli elmlər akademiyalarının, Rusiya və xarici ölkələrin aparıcı elm mərkəzlərinin təmsilçiləri iştirak ediblər.
AMEA-nın prezidenti Sankt-Peterburqa səfəri çərçivəsində Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetinin rektoru, professor Aleksandr Zapesotski ilə görüşüb. Görüşdə ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov da iştirak edib.
Universitetin tələbələri və professor-müəllim heyəti qarşısında “Müasir Azərbaycan elmi” mövzusunda mühazirə ilə çıxış edən A.Əlizadə Azərbaycan dövlətinin elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib.