RƏHİLƏ VEYSƏLLİ: Bu gözəl diyarım Azərbaycanımı bütöv görmək istəyirəm…
Bu gün Rəhilə xanım Veysəlli ilə səmimi bir söhbətimiz oldu.
Onun Pressaz.az-a söylədiklərini sizlərə təqdim edirik:
- Rəhilə Veysəllini təqdim etməyə ehtiyac yoxdur. Ancaq yenə də oxucularımız ücün haqqınızda qısa da olsa məlumat verərdiniz.
– Rahilə Veysəlli (Qarayeva)1954-cü ildə Füzuli rayonunun Aşağı Veysəlli kəndində müəllim ailəsində anadan olmuşam. Orada orta məktəbi bitirmişəm. Bakı şəhəri Q. Qarayev adına Maliyyə Kredit Texnikumunun Mühasibat Uçotu fakültəsini bitirmişəm. Uzun illər müxtəlif sahələrdə çalışmışam .2000-ci ildən, 2013 -cü ilə qədər 44-saylı Sumqayıt, Abşeron seçki dairəsində məntəqə sədri işləmişəm. Ən son, təqaüdə çıxana qədər Sumqayıt şəhər qaz idarəsində çalışmışam. AYB, AJB-yinin üzvüyəm.Qızıl qələm, Müqəddəs qələm media mükafatı laureatıyam. 9 kitab müəllifiyəm. Ailəliyəm 4 evladım, 9 nəvəm, 3 nəticəm var.
- Poeziyaya, şeirə olan sevginiz nə zamandan başlayıb?
– Mənim uşaqlıqdan ədəbiyyata, poeziyaya çox böyük həvəsim olub. Daima Aşıq Ələsgərin, Məzahir Daşqının, Səməd Vurğunun, Süleyman Rüstəmin, Nüsrət Kəsəmənlinin şeirlərini oxuyardım. Poziya mənim həyatımda ən önəmli yer tutur….
- Rəhilə xanım çox həssas insansız. Bunu şeirlərindən hiss etməmək mümkün deyil. Şeirlərinizdə bir hüzn, kədər var sanki. Rəhilə xanımı bu qədər kövrək edən səbəb?….
Mənə çox irad tuturlar ki, nə üçün bu qədər kədərli yazırsan. Vətən mənim ən yaralı yerimdir. Sanıram ki, yarım yoxdu yarımçıq acı bir həyat yaşayıram. O səbəbdən deyirəm ki, Vətən yarı candır, Mən yarım canam. Bilirsiz, biz insanlar zülmə tabeyik. Bir təhər ölmə -diril yaşayırıq. Çünki , əlimizdən bir şey gəlmir. Ancaq ruhumuz, o yerlərdə dolaşır, daima fikirlərimiz qarışır. Mənim döyünən ürəyimdən keçənləri biləsəniz o zaman nələr çəkdiyimi bilərsiniz. Nikbin olmaq, ümüdsüzlüyə qapanmaq olmaz. Mən də bilirəm insan bir ömür boyu qəm içində yaşaya bilməz. Ancaq mənim özümdən asılı olmayan bir işdir ki, mən doğulub boya,başa çatdığım Veysəllinin havasını, suyunu, ata yurdum Şuşanın İsabulağını, Qırxqız yaylağını istəyirəm. Bütün Qarabağı istəyirəm . Bu gözəl diyarım Azərbaycanımı bütöv görmək istəyirəm. Elə o səbəbdəndir ki, mənim şeirlərim Vətən həsrəti, Vətən haraylıdır.
- Uzun müddətdir ki, Aşıq Pəri Məclisinin üzvüsünüz. Bu haqda bir az danışardınız.
-Aşıq Pəri məclisinin üzvüyəm. Aşıq Pəri məclisi təqdirə layiq və olduqca önəmli və məsuliyyətlə yanaşdığımız bir məclisdi. Biz bu məclis vasitəsi ilə adət-ənənələrimizi, ululuğumuzu, nənənələrimizin bizə ərməğan etdiyi kəlağayının qədir-qiymətini bilib yaşatmağa çalışırıq. Məclisimizin sədri Pərvanə Zəngəzurlunun, və onun müavini Güllü Eldar Tomarlının zəhməti əvəzsizdir. Biz Pəri qızları bu məclisi öz gücümüz hesabına davam etdiririk.
- Rəhilə Veysəlli nümunəvi həyat hekayəsi, sənəti ilə gənclərə bir örnəkdir. Gənc yazarlarımıza nə məsləhət görərdiniz?
– Sevindirici haldır ki, indi gənclərimizin bir çoxu şeirə, poeziyaya xüsusi maraq göstərir. Mənim indiki gənc yazarlara bir yazıçı kimi nəsihətim var. İndiki zamanda bizim gənc nəslin çox böyük dəstəyə ehtiyacı var. Demək istəyirəm ki, istedadı olub, özünə güvənənlər bu işə məsuliyyətlə yanaşsınlar. Və çəkinmədən özlərindən böyük yazarlardan müraciət edib məsləhət alsınlar. İnanıram ki, hər kəs gənclərə dəstək olmağa hazırdı. Çünki onlar bizim gələcəyimizdir.
- Rəhilə xanım, qiymətli vaxtınızı bizə ayırdığınız üçün Sizə təşəkkür edirik.
Ay Allah
Didərginlər oldu eldən dərbədər,
Ağlar qaldı neçə gözlər bu qədər.
Yıxdı neçə könülləri dərd-kədər,
Qoyma qala bu qan yerdə, ay Allah.
Getdi əldən o kəlbəcər torpağı,
Əsir qaldı babaların oylağı.
Qana döndü isti suyun bulağı,
Qoyma qala bu qan yerdə, ay Allah.
Ağdərənin el-obası ağladı,
Gözləri al qan içində çağladı.
Qız-gəlinlər qara geyib bağladı,
Qoyma qala bu qan yerdə, ay Allah.
Qız- gəlinlər əsir düşdü düşmana,
Nər-ərənlər atıldılar meydana.
Min hiyləylə salındılar zindana,
Qoyma qala bu qan yerdə, ay Allah.
Oldu həmlə Şuşamdakı qalaya,
Toxundular qəlbimdəki yaraya.
Ulu tanrım özün yetiş haraya,
Qoma qala bu qan yerdə, ay Allah.
Əl atdılar Laçındakı dağlara,
Divan oldu ağlar qalmış ağlara.
Gözəl yurdum əsirdi yağılara,
Qoyma qala bu qan yerdə, ay Allah.
Qəm-kədərlə Qubadlı da ağladı,
Əsir qalıb neçə könül dağladı.
Həsrət çəkib bizə ümid bağladı,
Qoyma qala bu qan yerdə, ay Allah.
Hiylə qurub düşmən geydi donunu,
Bağladılar Zəngilanın yolunu.
Araz açdı bu ellərə qolunu,
Qoyma qala bu qan yerdə, ay Allah.
Ana yurdum Füzuliyə çataydım,
Torpağında uyuyaydım, yataydım.
Bu nisgilli ürəyimdən ataydım,
Qoyma qala bu qan yerdə, ay Allah.
Tarixlərdə bu yerlərin adı var,
Azığ qalıb ellərimdən yadigar.
At oynadıb burda igid Şah Qacar,
Qoyma qala bu qan yerdə, ay Allah.
Xudafərin mələklərin məsgəni,
Cəbirayılım igidlərin məftəni.
İtirmişəm doğma ana Vətəni,
Qoyma qala bu qan yerdə, ay Allah.
Gələsən
Şölə saç, ey günəşim ,həyatım qoy nura boyansın,
Təbiətdən qidalansın həyatım, bəxtim oyansın.
Divanə dildarımı qoyma ki, bu qədər yubansın,
Ölürəm hicrin ilə, sevgili yarım, biləsən,
İstərəm, gözüm nuru, dərdimə dərman edəsən.
Görməsəm bir gün əgər ki , gülər üz çöhrəsini,
Qəm-kədər ömrə verər öz layiqli töhfəsini.
Mən dadaram onda eşqin acı-zəhər bəhrəsini,
İstəyirəm, ey gülüm, mənə xoş günlər dilə sən,
Bəlkə bir şad edəsən, eşqimə fərman verəsən.
Açılıb gül olaram,vəsfinə mən yetsəm əgər,
Olaram eşqimə sadiq,Züleyxadan da betər.
Ölürəm, dözməyirəm, söylə dözüm mən nə qədər?
İstəməzdim ki, gəlib sən məni ölmüş görəsən,
Bəlkə bir yad edəsən,ey sərvi boylum, gələsə .
Alasan ağuşuna ,könlümü şad eyləyəsən,
Edəsən məsti-xumar, eşqinə ad eyliyəsən,
Sevəsən məşuqunu sevgin ilə yad edəsən,
İstədim ki, gəlib, ömrümə ömür verəsən,
Ölürəm eşqin ilə bəlkə bir loğman gələsən.
Rahilə , baxmaginan yerdə xəstə olmağına,
Çox fikir eyləmə, gəl yarə həsrət qalmağına ,
Sevirsə əgər baxacaq gözlərinin dolmağına,
Belə zülm etməz idi, qıymaz idi can verəsən,
Olmuşam halı pərişan,bəlkə gəlib bir görəsən.
Ulu Bayraq
Ucaldıqca ucal səni,
Başım üstə ulu bayraq.
Üç rəngindi gözdə nurum,
Başım üstə daima sən ,
Hey dalğalan ulu bayraq.
Daim yellən ,yel vurduqca,
Ucal göyə ucaldıqca.
Vətənimdən güc aldıqca,
Başım üstə daima sən,
Hey dalğalan ulu bayraq.
Şərəf ,şöhrət, şansan bizə,
Gur çıraqsan gözümüzə,
Xoş müjdəsən elimizə,
Başım üstə daima sən,
Hey dalğalan ulu bayraq.
Müqəddəssən quran kimi,
Tövrat kimi, Turan kimi.
Titrədirsən qəlbdə simi,
Başım üstə daima sən ,
Hey dalğalan ulu bayraq.
Göz yaşımız selə döndü,
Çalalarda gölə döndü,
Azadlığın üzü güldü,
Başım üstə daima sən,
Hey dalğalan ulu bayraq.
Rahilə qurban adına,
Hər an salacaq yadına
Sən yetişdin imdadıma,
Başım üstə daima sən,
Hey dalğalan ulu bayraq.
Hey dalğalan ulu bayraq.
O dünyam var mənim”
MİNİRƏ DADAŞQIZI
Belə qemli qemli yazma ay bacım,
Seir adlı gözel barın var sənin
Uca Yaradandan sənə əmanət,
Könüllər oxşayan varın var sənin.
RAHİLƏ VEYSƏLLİ
Canım sənə fəda ay gözəl bacım,
Səngimir neyləyim içimdə acım,
Şeirdir dövlətim, başımda tacım,
Könüllər oxşayan varım var mənim.
MİNİRƏ DADAŞQIZI
Kamalın, cəmalın da öz yerində,
Neçə- neçə dostun vardır elində,
Ağ varaq qarşında, qələm əlində,
Uca zirvələrdə qarın var sənin.
RAHİLƏ VEYSƏLLİ
Elim də düşübdür yurdundan uzaq,
Yağılar qurubdur yolunda tuzaq,
Bir verən də yoxdur o yerdən soraq,
Vətən adlı ağlar yarım var mənim.
MİNİRƏ DADAŞQIZI
Bilirəm ki, gen düşmüsən elindən
Vətən sözü heç düşməyir dilindən,
Bir bülbülsən gülün gedib əlindən,
Bağrını közləyən xarın var sənin.
RAHİLƏ VEYSƏLLİ
Bülbüllər də gen düşübdür gülündən,
Ah – nalələr düşmür elin dilindən,
Xəbər verən yoxdur əsir gəlindən
Ərşə çıxan ahu- zarım var mənim
MİNİRƏ DADAŞQIZI
Yaş ötüb saçlara salsa da ağ dən,
Ötsə də ömürdən neçə duman , çən
Yatmısan qəlbimə bacım əzəldən,
Çünki üzdə ismət ,arın var sənin.
RAHİLƏ VEYSƏLLİ
Mən də vurğunam o gül cəmalına,
Dərdimə məlhəm insanlıq halına
Misraya düzdüyün şirin balına,
Şip-şirin bal verən arım var mənim.
MİNİRƏ DADAŞQIZI
İnsanda gözəldir ismət ,ləyaqət,
Bir Haqqa bağlılıq, bir də ədalət
Minirə də görüb səndə sədaqət,
Çünki dosta düz ilqarın var sənin.
RAHİLƏ VEYSƏLLİ
Rahilə bağlıdır əhdə,ilqara,
Bivəfa olmayıb vəfalı yara
Güvənir sizlərə düşəndə dara,
Düz ilqarım, etibarım var mənim.
Dara düşübdü
Tərlan qanadından, bülbül dilindən,
Sirri acılmayan tora düşübdü.
Köçgünlər elindən, doğma evindən,
Ayaza, şaxtaya, qara düşübdü.
Xoş idi Vətənin abu-havası,
Boş qalıb yurdumun eli-obası,
Vətəndir könlümün dərdi-davası,
Qırılıb ümüdüm hara düşübdü?
Ay Allah sən mənə doğma diyar ver,
Sən mənə dözüm ver, səbri-qərar ver.
Mənə düz yol göstər , bir ixtiyar ver,
Qəlbimə Vətənsiz yara düşübdü.
Vətəndi şairin yaralı yeri,
Ey Fələk gəl məndən aralı yeri.
İzin ver mən tutum iblisi diri,
Rahilə Veysəlli dara düşübdü.
Ramilə Məmmədova