Biləsuvarda Aşıq Şəmşirin anadan olmasının 125 illiyi qeyd edildi

Biləsuvar Regional Mədəniyyət İdarəsinin və Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rəsmi dövlət nümayəndələri, təhsil və mədəniyyət işçiləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan İdarənin rəisi Elçin Hüseynov sənətkarın 125 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı haqqında məlumat verdi.

Tədbir “Dirili Qurbani” saz-söz məclisi üzvlərinin çıxışları ilə davam etdi. Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin direktoru T.Abbaslı, Məclisin üzvü, filologiya üzrə fəlsəfə doktoru T.Şirvanlı, Azərbaycan Aşıqlar Birliyinin üzvləri M.Hüseynli, G. Kəlbəcərli, P.Laçınlı və digər saz və söz ustaları Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş şeir və musiqi çələngi təqdim etdilər.

Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.