Bakı sakinləri hansı milli yeməyə üstünlük verir? – SORĞU

Bakı sakinlərinin ən çox sevdikləri milli yemək dolmadır. 

Pressaz.az Milli.Aza istinadən bildirir ki, bu qənaətə “ACT Azərbaycan” paytaxtda keçirdiyi sorğu nəticəsində gəlib.

Bakı sakinlərinin milli mətbəxdə sevimlisi dolmadır (84 %). Bir az fərqlə plov ikincidir (77 %). Paytaxt sakinlərinin təqribən dörddə biri (27 %) kabab, beşdə biri isə (22 %) bozbaş həvəskarıdır. Sulu yeməklərdən dovğa sevimli milli xörəklər siyahısında beşincidir (15 %). Sıralamanı xəmir xörəkləri düşbərə (14 %), xəngəl (13 %) və qutab (11 %) davam etdirir. Bakı sakinlərinin sevimli xörəkləri arasında Şəki pitisi (8 %) və Lənkəran ləvəngisi (7 %) də yer alır.

Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.