Fəxri xiyabanda dahi şəxsiyyətin məzarı ziyarət olunacaqdır
Cari ilin 23 noyabr tarixində dahi bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, Şərqdə ilk muğam operasının banisi Üzeyir Hacıbəylinin (1885-1948) ölümündən 70 il ötür.
Üzeyir Hacıbəyli 1885-ci ildə Ağcabədidə anadan olmuşdur. O, 1897- ci ildə Şuşada olan ikiillik rus-tatar məktəbinə daxil olumuş, həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra 1899-cu ildə Qori müəllimlər seminariyasına qəbul edilmişdir.
Üzeyir Hacıbəylinin yaratdığı ilk “Leyli və Məcnun” operası Azərbaycan musiqi mədəniyyəti tarixində ilk opera olmuş və çox böyük müvəffəqiyyət qazanmışdır. Bəstəkər bu əsər ilə Azərbaycanda opera sənətinin təməlini qoymuşdur.
Üzeyir Hacıbəyli “Leyli və Məcnun”dan sonra ardıcıl olaraq “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1911), “Şah Abbas və Xurşudbanu ” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) operalarını yazır.
Bəstəkar Azərbaycan milli folklorunu dərindən öyrənirdi. O, Müslüm Maqomayev ilə birlikdə 1927–ci ildə bir sıra Azərbaycan xalq mahnılarını toplamış, nota salmış və işləmişdir. 1920-1945–ci illər ərzində Ü. Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” adlı böyük əhəmiyyət kəsb edən elmi-tədqiqat əsərini yazmışdır.
Dahi bəstəkar 1920-ci ildə simfonik orkestr, 1931-ci ildə Azərbaycanda ilk notlu xalq çalğı alətləri orkestri, 1936-cı ildə isə Dövlət xor kollektivi və mahnı və rəqs ansamblını yaratmışdır.
Ü.Hacıbəyli 1932-1936-cı illərdə “Koroğlu” operası üzərində işləyərək ilk Azərbaycan klassik operasını yaratmışdır.
Musiqili komediya janrında bəstəkar “Ər və arvad”, “O olmasın, bu olsun” (1910), “Arşın mal alan” əsərlərini yazmışdır. Onun bu komediyalarında qadın azadlığı uğurunda olan mübarizə öz əksini tapmışdır.
Bəstəkarın yaradıcılığının ən böyük uğuru isə bu günədək öz əhəmiyyətini qoruyub saxlayan Azərbaycan Respublikasının Dövlət Himnidir.
Üzeyir Hacıbəylinin əziz xatirəsinin yad olunması məqsədilə 23 noyabr 2018-ci il tarixində saat 12.00-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Fəxri xiyabanda dahi şəxsiyyətin məzarı ziyarət olunacaqdır.