HACI LOĞMAN MƏHƏMMƏDOĞLU: GÖYÇƏ
GÖYÇƏ
Ey məhəbbət nübarımda
Sevdamızın ilki, Göyçə.
Nəyim varsa verəm əldən,
Görüm səni təki, Göyçə!
Qəribəm, intizarında,
Gələm qışda, baharında,
Şəklim qalıb sularında
Göyçə gölü güzgü,
Kül üfürüb gözünüzə,
Türk deyirik özümüzə,
Vəd verəndə sözümüzə
Əməl edək kaş ki, Göyçə!
Səni yad əllərdən alaq,
Köhnə yurdda məskən salaq,
Aslan ovlaqından qovaq
Məskən salıb tülkü, Göyçə!
Həsrət öldü ocağına,
Hər küncünə, bucağına
Darıxmışdı, qucağına
Gələnmədi Zəki, Göyçə!
Təsəlli beynimə batmır,
Qürbət ürəyimə yatmır,
Sənsiz havam, suyum çatmır,
Boğuluram sanki, Goyçə.
Əgər türksəm, xislətimdi,
Yurd qorumaq adətimdi.
Mən Loğmanam, əbədimdi,
Sənə olan sevgim, Göyçə!
Eşqdir
Kainatda canlı, cansız – hər nə varsa eşqdəndir,
Aşiqi-məşuq oldunsa, çalış yaşat eşqi dürr.
Göz gəzdir küllü aləmə, eşqisiz olan nədir?
Leylinin Məcnuna eşqi yerin göyə eşqidir.
Sübh çağıdır, azan səsi – eşqin nuri-zəm-zəmi,
Üz cevirirəm qibləyə, dolur könlüm eşqlə – gur.
Cazibədir aləmlərə vəhdəti-vücud verən,
İnsana bəlli olmayan neçə hiss var, eşqdədir.
Müşgülü-qəmin üçün məhəbbətdir qurtuluş
Nə axtarsan cavabını tapacaqsan, eşqdə dur.
Cəmi hürufi “dəl” həqdir, “əlif”-dən “bey” qərari,
O qəlibki səni nurdan hasil etdi, eşqdədir.
Fizuli eşqin sirrini hifz elədi Əhməddən,
Sən də get sufidən soruş, oxu, öyrən – eşq nədir?
Gərçi, bunu dərk etməsən, sanma kı, əfsanədir,
Əfsanədir gördüklərin, bir həqiqət eşqdir-nur!!
Eşq ahəngdir, eşq nizamdır, tuteyi-gözəllik eşq,
Könül, könül rübabının simlərini eşqlə qur.
Eşq Siratdır, eşq nicatdır – Loğman, çırağındır eşq,
İşıqlanar axirətdi, niçat tapar eşqlə gor.
GÖZLƏYİR..
Mənim haqqım yoxdur, bihudə gəzəm,
Elim, obam məndən hesab gözləyir.
Üzüm qibləyədir, haqqın yoluna
Əbədi mənzilim savab gözləyir.
Oxuyub, elm ilə gərəkdi dolam,
Imanım gül aça, inanma solam,
Ariflər içində nadələd olmam,
Nitqimdən isbatlı cavab gözləyir.
Axtarıb gəzdiyim şöhrətdə deyil,
Gözüm bu dünyada sərvətdə deyil,
Eşqimin ünvanı şəhvətdə deyil,
Mənim ehtirasım hicab gözləyir.
Oxuyan aqilsə anlayar məni,
Nadanlar qınayar, danlayar məni,
Xudaya bu yolla sınayar məni,
İmanım səbrimdən gülab gözləyir.
Qəsdimdi hürafat şəhrinə varam,
Elminə hafizəm, sağ dəstim Quran.
Gölməçələr üçün şer yazmıram,
Loğmandan ümmanlar kitab gözləyir.
BİLİNMƏZ
Nadan yığnağında, cahil yanında,
Aqilin, arifin qədri bilinməz,.
Susar şeytanların boş hay küyünə
Sonsuzdur mömünün səbri bilinməz.
Günəşin önünü kəsər buludlar,
Fəqət nur selundə əsər buludlar,
Elə düşünməsin kısır buludlar,
Örtər ay üzünü, bədri bilinməz..
Allahdan verilib fitrinə buta,
Yüz qarğadan üstün bir bülbül ötə,
Qanqal topasında qızılgül bitə,
Qarışar, içində ətri bilinməz.
Ay Loğman, zatından varsa qanında,
Daşıyar qeyrəti insan canında,
Sərxoş, ağıldan kəm gəda yanında.
Kişinin hörməti, xətri bilinməz.
Göyçədə
Yalçın qayalarda sıyrılıb qalıb,
Əlimin, dizimin əti Göyçədə.
Arı pətəyi tək balla dolurdu
Almanın, armudun ləti Göyçədə.
Amalı, məsləki etibar idi,
Dostluqa, süfrəyə vəfadar idi,
Böyüyün, kiçiyin yeri var idı,
Saxlamışdıq o hörməti Göyçədə.
Yası da, toyu da toy- bayram kimi,
Ağır məclisləri izdiham kimi,
Etiqad görmədim o inam kimi
Elin haqqa sədaqəti Göyçədə…
İmamın ehsanı aşıb daşardı,
Kənd kəndə qarışar, qoşalaşardı,
Ya Hüseyn! Nidası göylər aşardı,
Qoyub gəldik o mərfəti Göyçədə.
O xoşbəxt çağlara dalıb, ananda,
Fərqi yoxdu, ildə hansı zamanda,
Qapımızı qərib qonaq açanda
Göstərərdik məhəbbəti Göyçədə.