DİLGUŞƏ GÜLÜMCAN: YARALI QƏLBLƏR

DÜNYA

Dünyadı hər kəsə qucağın açan,
Qaranlıq ömrünə işıqlar saçan. 
Sonra verdiyini alıb əlindən,
Başına qara bir daşı da,çaxan.

Dünya çoxlarını diriykən uddu,
Qardaşı qardaşın əliylə vurdu.
Mərdin gəmisini batırıb suda,
Namərdə qızıldan saraylar qurdu.

Dəlinin birinə güc,qüvvət verir,
Qan içən insanı padişah edir.
Kamalı olanı ayağa atıb,
Ağılsız birinə onu qul edir.

Bilmirəm dünyanın nəyini sevim,
Verdiyi dərdlərdən hansını deyim.
Qarşıma sədd çəkdi daş hasarlarla,
Bir qapı qoymadı mən açım gedim.

Bu dünya özündə ğörmür qəbahət,
Seytanın əliylə verir səadət.
Qəlblərə köz qoyub,odlar qalayır,
Dünyada olmayıb heç vaxt ədalət.

 

DÜŞDÜM

Ömrümə yağan qar üşütdü məni,
Sürüyüb dərəyə düşürtdü məni,
Aldığım yaralar üzübdü məni,
Sevincli günlərdən uzağa düşdüm.

Bu həyatda heç nədən kam almadım,
Bir dünya malına nəzər salmadım,
Mənə layiq olan yerdə qalmadım,
Odlandım,kül oldum,torpağa düşdüm.

Quru səhralarda dilim partladı,
Ayağım altında torpaq çatladı,
Dərdli ömür yolum dizim qatladı,
Mən dura bilməyib yarğana düşdüm.

Vətənim zamanla hey parçalandı,
Qanımıza başqa qanlar calandı,
Qarabağ atəşə,oda qalandı,
Torpaq həsrətiylə sorağa düşdüm.

Dilguşə kədərlə ağladı gəzdi,
Yollarda daş,kəsək ayağın əzdi,
Kimsə yolun kəsib demədi bəsdi,
Axırda alışan ocağa düşdüm.
 

SEVİNC HARDADI???

Deyirsən: Gözünə heç qəm yaraşmır,
O gözlər dünyaya qəmlə baxmasın.
Qoy gülsün ürəyin,gözünə düşsün,
Sevin ki, gözünə kədər axmasın.

Mən deyim: Dünyada nələr görmüşəm,
Dədlərdən saçımda hörük hörmüşəm.
Həyat fəsillərim hamısı keçib,
Üzü qışa tərəf indi dönmüşəm.

Ömrümün bu fəsli yaman ağırdır,
Xəyallar içimi didib,dağıdır,
Geriyə dönüş yox,cavanlıq keçdi,
O keçən illərim məni ağrıdır.

Tale yazısını pozmaq istərdim,
Qəlbimdən dərdləri qazmaq istərdim.
Nura boyayaraq mən də,ömrümü,
Bəxtəvər bir həyat sürmək istərdim.

Dilguşə sıxılır indi dardadı.
Ruhum da,əzilib ahu-zardadı.
Olub keçənləri silə bilmirəm,
İndi söylə görüm: Sevinc hardadı???
 

YARALI QƏLBLƏR

Vətənin acısı baldan şirindi,
Qürbətdə yaşamaq qandı,irindi.
Nə qədər dünyanı gəzib dolaşsan,
Yurdunun torpağı sənin Pirindi.

Vətənə həsrəti çəkənlər bilər,
Ömürləri yedi bu keçən illər.
Nə qədər torpaqlar azad olmayıb,
Söylə,göz yaşını axı kim silər?

Köçkün ahıllarım dünyadan köçüb,
Gənclərim qocalıb,yamanca çöküb.
Köçkün həyatında doğulan gənclər,
Ümid sarayını nə vaxtdı söküb.

İndi bir arzuyla yaşayır hər kəs,
Kaş ki,Qarabağdan gələydi bir səs.
Məclis qurulaydı Cıdır düzündə,
Yaralı qəlblərə olardı bu bəs.