Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular

Dəfələrlə Azərbaycan nümayəndələrilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu mühüm qələbələr qazandı. Xüsusilə noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyində həlledici rol oynadı, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etdi. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın Qələbəsi ilə nəticələndi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində ermənilər 3 il ərzində yeni təxribatlar törətməyə başladılar. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Sentyabrın 19-da isə Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdi. Bütün bu təxribatlar Azərbaycanın səbir kasasını doldurdu. Bu təxribatların qarşısının alınması məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənədi imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Bununlada Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah olunmalıdır.
Dəfələrlə Azərbaycan nümayəndələrilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşdə Separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdır. Sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrildi.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.