Niyaməddin Əsgərov:”Azərbaycan milli mətbuatının təşəkkül tapmasında və inkişafında “Əkinçi” qəzetinin əvəzsiz rolu olub”. – FOTO
Azərbaycan milli mətbuatının təşəkkül tapmasında və inkişafında “Əkinçi” qəzetinin əvəzsiz rolu olub. Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. 149 il əvvəl – 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. XIX əsrin sonlarına yaxın Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən olan Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. O dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.
Məhz Heydər Əliyevin siyasi iradəsi və məqsədyönlü fəaliyyəti nəticəsində mətbuatın sərbəst fəaliyyəti üçün bütünimkanlar yaradıldı. Bu sahədə jurnalist ictimaiyyətinin təşəbbüsləri dəstəkləndi. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün vacib addımlar atıldı, jurnalist hüquqlarının etibarlı surətdə qorunması təmin edildi. Bu gün Azərbaycanda kütləvi informasiya vasitələri sahəsində MDB məkanında və Şərqi Avropada ən demokratik, liberal qanunvericilik bazası mövcuddur, kütləvi informasiya vasitələrinin inkişaf etmiş şəbəkəsi fəaliyyət göstərir. Heydər Əliyev həmişə jurnalistika peşəsinə dərin hörmət bəsləmiş, mətbuat işçiləri ilə yaxın təmsada olmuş, onların problemləri ilə maraqlanmış və heç vaxt köməyini əsirgəməmişdir. Ulu öndər kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onlara müvafiq güzəştlərin təyin edilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, müvafiq fərman və sərəncamlar imzalamışdır. 1995-ci il iyulun 22-də Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqımızı təbrik etmişdi. Ümummilli lider Heydər Əliyev mətbuata xüsusi diqqət göstərməklə KİV-lərin müstəqilliyinə nail oldu.
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, islahatların məntiqi nəticəsi olaraq mətbuatımız daha da saflaşır, təkmilləşir, dəyişməz olan prinsiplərinə söykənərək cəmiyyətin obyektiv informasiya ilə təminatında əhəmiyyətli rol oynayır. Müasir texnologiyalar imkan verir ki, internet jurnalistikasının əhatə dairəsi də genişləndirilsin. Bu gün artıq həyatımızın ayrılmaz parçasına çevrilən sosial şəbəkələr, internet ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bunun üçün hər bir informasiyanın dəqiqləşdirilməsi, mənbəyə əsaslanması mütləqdir.
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub.
Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir.
Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.
Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.