Aygün Həsənoğlu yazır: “Nəhayət, Natiq Qasımov haqqını aldı-Torpağını da, Milli Qəhrəman adını da” – FOTO

Bir az göz yaşları, illərin arzusunun gerçəkləşməsindən doğan sevinc!
Natiq haqqında ilk dəfə 2003-cü ildə oxudum və dərhal haqqında məqalə hazırlayıb o zamanki müdirimə təqdim etdim. Digər məqalələr kimi bu da xeyli gecikdirildi və yalnız 2004-cü ilin 3 fevralında “Xalq” qəzetində “Bayraqlaşan oğul” məqaləm nəşr edildi.
Əslində 1992-1994-cü illərdə mətbuatda Natiq haqqında məlumatlar getmişdi. Lakin əlifba dəyişəndən sonra bu məlumatlar unudulmuşdu. Mətbuatı ardıcıl oxuyan mən ilk dəfə onun haqqında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunda işləyərkən oxudum. Dərhal məqalə hazırlayıb o zamankı müdirimizə təqdim etdim. Məqalənin mətbuata verilmədiyini görüb başqa bir məqalı də hazırladım. “Əfsanəyə dönən oğullar” məqaləmdə Qarabağ müharibəsi dövründə igidlik göstərmiş qəhrəmanlarımız haqqında yazmışdım. Burada Natiqə də xüsusi yer ayrılmışdı. “Bayraqlaşan oğul” məqaləm isə 03.02.2004 tarixli “Xalq” qəzetində nəşr edildi. Məqalə xeyli səs gətirdi. Tanımadığım şəxslərdən zənglər alırdım. Təşəkkür edirdilər, təəssüratlarını bildirirdilər, Natiqin taleyi ilə maraqlanırdılar. 15.04.2004 tarixli Azərbaycan” qəzetində “Yeddi oğulun biri Natiq” məqalə nəşr etdirdim. Bu foto da onda mətbuata çıxdı. Komissiyanın arxivindən çıxarmışdım. Bundan başqa itkinlərlə bağlı nəşr etdirdiyim məqalələrdə müntəzəm olaraq Natiqi xatırlatdım.
Amma əsl arzum Natiq haqqında ona layiq bədii filmin çəkilməsi idi. Sponsor tapa bilmədim.
(Fərhad Atakişiyev və Kərkicahan döyüşü haqqında filmə də sponsor tapa bilmədim.)
Azərbaycanda, Türkiyədə və olduğum bütün tədbirlərdə Natiqin qəhrəmanlığından danışdım.
Hətta Daşqın Gülməmmədov adında fırıldaqçı mənə əsirləri azad etdirə biləcəyini deyəndə ona araşdırmaq üçün verdiyim siyahıda ilk ad Natiqin idi…

Natiqi heç unutmadım. Bütün şəxsi və ümumi problemlərin içindən Natiqin o qürurlu gözləri həmişə məni izlədi, hətta davranışlarıma, fəaliyyətimə bir istiqamət verdi.

Nəhayət, Natiq Qasımov haqqını aldı-Torpağını da, Milli Qəhrəman adını da.

Ruhun şad olsun, QƏHRƏMANIM!