COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir – FOTO
Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.
Azərbaycan təkcə bölgəmiz üçün deyil, bütün planetimizin qorunması üçün məsuliyyət daşıyan ölkələrdən birinə çevrilib. Ənənəvi enerji tədarükçüsü olan əksər ölkələr kimi Azərbaycan da bu gün yaşıl enerjiyə keçid dövrünü yaşayır. Bu baxımdan ölkəmiz nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerji sahəsinə sərmayə yatıranlar üçün də kifayət qədər cəlbedicidir. Daha doğrusu, Azərbaycan yaşıl enerjiyə keçid prosesində lider ölkələrdən biri sayılır. Bu məqam “Euronews” televiziyasında yayımlanan Prezident İlham Əliyevin müsahibəsində də xüsusi olaraq vurğulanıb. Sözügedən müsahibə iyunun 21-də “Euronews” televiziyasında yayımlanan Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərindən hazırlanmış reportajda yer alıb. Bu sərgilər Azərbaycanın ənənəvi neft və qaz tədarükçüsü olan bir ölkə kimi əldə etdiyi nailiyyətlərlə bərabər, yaşıl gündəliyi nümayiş etdirən bir ölkə kimi də böyük potensiala malik olduğunu ortaya qoyur.
Dövlətimizin başçısı “Euronews”-a müsahibəsində qeyd etdi ki, Azərbaycanda yaşıl enerjiyə keçid üçün, bərpaolunan enerji sahəsinin inkişafı üçün yaxşı sərmayə mühiti var və ölkəmiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. Bu sahə eyni zamanda xarici sərmayədarların da diqqət mərkəzindədir. Prezident İlham Əliyev də müsahibəsində bu məqama toxunaraq vurğuladı ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün də cəlbedicidir. Bu sahənin liderlərindən sayılan “Masdar” şirkəti bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Həmçinin “ACWA Power”, BP və s. şirkətlər də bizim sərmayədarlarımız sırasındadır. Ümumiyyətlə, hazırda bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var.
Azərbaycanın enerji siyasətinin növbəti reallığı “yaşıl enerji”nin inkişafı ilə bağlıdır. Belə ki, dünyada neft-qaz diyarı kimi tanınan ölkəmiz zəngin alternativ enerji resurslarına da malikdir. Bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını dövlət tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul olunan “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir. Beş milli prioritetdən biri – təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur. Bununla yanaşı, “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması nəzərdə tutulur.
Dövlətimizin başçısı cənab İlham Əliyevin müsahibəsindən göründüyü kimi ölkəmizdə yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda ölkəmizin özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bu da gələcəkdə Azərbaycanın ən böyük yaşıl enerji ixracatsını çevrilməsini göstərir. Cənab Prezident eyni zamanda qeyd etmişdir kİ, “Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.
Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə hesablanmış mühüm addımlarındandır. Yaradılan möhkəm təmələ söykənərək dövlət başçısı İlham Əliyev 2003-cü ildən bu çağırışı edir ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan asılılıq minimuma endirilməlidir. Son 20 ilin reallıqları bu hədəfə yüksək səviyyədə nail olduğumuzu təsdiqləyir. Azərbaycanın bərpa olunan enerji mənbələrini uzun illər bundan əvvəl inkişaf etdirmək qərarı təkcə enerji təhlükəsizliyi ilə bağlı deyildi. Bu, cəsarətli və düşünülmüş qərar kimi dəyərləndirilir. Bu qərar, eyni zamanda, yeni sənaye sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, “yaşıl” iqtisadi artım üçün strateji addım kimi xarakterizə edildi.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.