Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir.
Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır.
Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Belə ki, əsrlərlə Azərbaycan şairləri və mütəfəkkirləri ərəb dilində də yazıb-yaratmışlar. Dahi Azərbaycan şairləri Nəsiminin və Füzulinin məzarlarının ərəb dövlətləri ərazisində yerləşməsi bu bağlılığın daha bir bariz nümunəsidir. İslam həmrəyliyi prinsipini daim rəhbər tutan Azərbaycan bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olub. Ölkəmiz, həmçinin ərəb dünyasının haqq işini həmişə dəstəkləyib.
Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətlər də xüsusi əhəmiyyətə malikdir. İyunun 7-də Azərbaycan Prezidenti İlham Əliyev Misir Respublikasına rəsmi səfər edib. Bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan və Misir prezidentlərinin görüşləri keçirilib. Səfər çərçivəsində imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək.
Azərbaycan və Misir prezidentlərinin keçirdiyi danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmi qeyd edilib. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsi qərara alınıb ki, iqtisadi-ticari sahədə əlaqələr daha da inkişaf etsin.
Dövlətimizin başçısı Azərbaycan-Misir münasibətlərinin çox yaxşı səviyyədə olduğunu, ölkələrimiz arasında tarixi əlaqələrin mövcudluğunu qeyd etdi. Prezident İlham Əliyev bütövlükdə ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Azərbaycanla Misir arasında əlaqələr tarixi xarakter daşıyır. İkitərəfli münasibətlərə gəldikdə, ticarət həcminin artırılması təbii ki, müsbət haldır. Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Səfər çərçivəsində imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar bu istiqamətdə Azərbaycan-Misir əlaqələrinin inkişafına kömək edəcək. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq. Bu səylər region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacaq.
Səfər zamanı, eyni zamanda, yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi aparılıb. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır.
Bu məqamlar bir daha göstərir ki, bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək.
Azərbaycan-Misir əməkdaşlığının digər bir vacib aspekti də COP-la bağlıdır. Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə Əl Maşat bununla əlaqədar deyib: “Azərbaycanı COP29-a evsahibliyi etməsi münasibətilə təbrik edirik. Misir iki il əvvəl COP27-yə evsahibliyi edib. İqlim dəyişikliyi sahəsində bir çox əməkdaşlıq sahələri, – məsələn, iqlimlə bağlı fəaliyyət üçün beynəlxalq ictimaiyyətdən maliyyənin necə səfərbər olunması, – mövcuddur”. O, COP-a evsahibliyinin mühüm əhəmiyyət kəsb etdiyini də bildirib: “Bu, əhəmiyyətli bir cəhətdir. Çünki bu, ekologiyanı çirkləndirməyən ölkələrin nə qədər maliyyəyə ehtiyac duyduqlarını, beynəlxalq əməkdaşlığın tələb olunduğunu nümayiş etdirmək imkanı yaradır ki, hamımız iqlimlə bağlı qlobal məqsədlərə cavab verə bilək. Misirdə bununla bağlı bir çox sahələrdə araşdırma aparılıb. Düşünürəm ki, bu, COP29 ilə davam edəcək. İkincisi, ölkə platformalarıdır. Ölkə platformaları – burada ölkə öhdəlikləri, iqlim fəaliyyəti ilə bağlı istədiklərini bildirir və sonra biz ölkələrimiz üçün prioritet olan layihələri həyata keçirə bilməkdən ötrü güzəştli maliyyəni səfərbər etməyə çalışırıq. Beləliklə, beynəlxalq maliyyə qurumları, çoxtərəfli inkişaf bankları ilə necə işləmək, məqsədlərimizə çata biləcəyimizə əmin olmaq üçün birlikdə necə çalışmalı olduğumuzu müəyyənləşdiririk. Biz COP29-da fəal iştirakımızı səbirsizliklə gözləyirik”.
Bütün bu məqamlar bir daha göstərir ki, Azərbaycan-Misir münasibətləri indi artıq yeni inkişaf mərhələsinə qədəm qoyub və hər iki xalqın milli maraqlarına cavab verir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.