Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir – FOTO
Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir.
Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul etməsi əlaqələrin möhkəmliyinə əsaslanır. “Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub”, – bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxışı zamanı bildirib: “Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir”.
Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. Saziş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanıbdır. Ötən müddət ərizində bu əlaqələr genişlənib. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü xüsusilə qeyd etməliyik. Qəbul olunan tarixi qərarlarla yadda qaldı. Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi və digər qərarların imzalanması tarixi hadisə olaraq əhəmiyyət daşıyır.
Türk dünyası dedikdə yalnız böyük ərazilər, 300 milyona yaxın əhali deyil, həm də antitürk siyasəti yürüdən böyük güclərin ciddi narahatlığına səbəb olan hərbi potensial, böyük iqtisadiyyat, zəngin təbii sərvətlər göz önündə canlanır. Eyni soydan olan və sürətlə artan türk milləti, bir-birilə sıx bağlı olan dövlətlər arasında qarşılıqlı münasibətlər, strateji əməkdaşlıq türk dünyasını daha da gücləndirir, qüdrətini artırır. Bu birlik türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, xarici siyasət məsələlərində ortaq yanaşmanın təşviqi, dünyada sülhün bərqərar olunması, beynəlxalq terrorizm, separatçılıq, ektremizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizəyə xidmət edir. Bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ölkələr arasında ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, elm, texnologiya, təhsil və mədəniyyət sahəsində, kütləvi informasiya vasitələri arasında əlaqələrin, daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi kimi məsələlər əsas vəzifə olaraq qarşıya qoyulur.
Müstəqil Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirməklə ümumtürk birliyinə hesablanmış əsaslı addımlar atır və Türk Dövlətləri Təşkilatının dünya miqyasında böyük gücə çevrilməsində əzmlə çalışır. Ölkəmiz təşkilata üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq çərçivəsində ticarəti, iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verir, dost, qardaş olan dövlətlərin ərazilərindən keçən dəhlizlər boyunca səmərəli nəqliyyat əməliyyatlarının davamlı, mərkəzləşmiş və asan keçidinə əngəl yaradan mövcud maneələrin aradan qaldırılması, Xəzər dənizi və Qara dəniz limanları arasında əlaqələrin inkişafı, regionun multimodal nəqliyyat potensialının artırılması, Xəzər dəniz keçidinin nizamlanması istiqamətində mühüm layihələrin təşəbbüskarıdır və bu istiqamətdə bütün gücünü səfərbər edir. Samsun, Bakı və Aktau limanları arasında əlaqələrin yaradılması bu istiqamətdə atılmış addımların bariz nümunəsidir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.