İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır – FOTO

Azərbaycan qlobal enerji təhlükəsizliyində başlıca rol oynayan ölkələrdəndir. 1994-cü ildən – “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 30 illik dövr ərzində respublikamızın bu sahədə həyata keçirdiyi siyasət regionda və Avropada enerji təhlükəsizliyinə böyük töhfələr verib. Azərbaycanın enerji siyasəti dünyanın tanınmış şirkətlərini bir araya gətirib, onların əməkdaşlığına geniş meydan açıb. Təsadüfi deyil ki, bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində əsas yerlərdən birini tutur. Azərbaycan qazını idxal edən 8 ölkədən 6-sı Avropa ölkəsidir. Qarşıda bu təchizatın coğrafiyasının daha da genişləndirilməsi planlaşdırılır.
İyunun 4-6-da keçirilən Bakı Enerji Həftəsinə yüksək beynəlxalq maraq da Azərbaycanın dünyanın enerji təhlükəsizliyində başlıca rola malik ölkələrdən olduğunu göstərdi. Hazırda Azərbaycanın enerji sahəsində prioritetlərindən biri “yaşıl enerji”yə keçiddir. Son illərdə Azərbaycanda bu sahədə görülən işlər beynəlxalq səviyyədə təqdir olunur. Dünyanın bu qlobal çağırışına fəal qoşulan və öz mütərəqqi təşəbbüsləri ilə ona əməli işləri ilə dəstək verən Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibi seçilməsində ölkəmizin bu sahədəki uğurları mühüm rol oynadı.
“İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a evsahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik”, – deyə 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev bildirdi. Dövlət başçısı vurğuladı ki, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə, eyni zamanda beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq: “Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”.
Bütün bunlar göstərir ki, Azərbaycan qlobal enerji təhlükəsizliyi ilə bağlı yeni təşəbbüslər, innovativ yanaşmalar ortaya qoymaqla yanaşı, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyəti də bu yöndə səfərbər edir.
Müasir dövlət kimi inkişaf edən Azərbaycan Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasında yeni yanaşmalar tətbiq edir. Prezident İlham Əliyev bəhs olunan əraziləri yaşıl enerji zonası elan edib. Tədbirdəki çıxışlarda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri haqqında məlumat verilib, bu ərazilərdə “yaşıl enerji”, “yaşıl kənd” təsərrüfatı, habelə təbiətə dost olan texnologiyaların tətbiqi ilə karbon neytrallığının təmin edilməsinin əsas hədəflərdən olduğu diqqətə çatdırılıb. Bütövlükdə, Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm Günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. O cümlədən Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında Günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilib.
Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” potensialından səmərəli şəkildə istifadə olunması üçün konkret layihələr hazırlanaraq onların həyata keçirilməsinə başlanıb. Artıq bir sıra layihələrin icrası tamamlanıb. İşğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır. Bu ərazilərdə ümumi gücü 320 MVt-dan artıq olan 50-dən çox kiçik su elektrik stansiyasının bərpası üçün araşdırmalar aparılır. Hazırda Cəbrayıl rayonu ərazisində Araz çayı üzərində 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi və istismarı üzrə işlər davam etdirilir. Yeni layihələrin tamamlanması ölkəmizin enerji sisteminə əlavə güc qatacaq.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.