Püstə Rəvan : ” BAHAR GƏLİR” – FOTO
BAHAR GƏLDİ
Bəzənir, xalçalanır yer,
Hər addımda açıb çiçək.
Ətrafa güllər nur saçır,
Bahar gəlir, şaddır ürək.
Həyat gözəl nur dağlarım,
Axdı nur içində nəğmə.
Bu gözəllik, bu çal-çağır,
Ürəklərdə nəğmə-nəğmə.
Torpaq fərəhindən gülür,
Qəlbimizə şölə saçır.
Azad vətən torpağında,
Baharımız çiçək açır.
SINDIRMA QƏLBİMİ
Sındırma qəlbimi, sındırma fələk,
Sıxılır yenə də sinəmdə ürək.
Ən ağır yükümsən çiynimdə mənim,
Sənin axırına mən çıxam gərək.
Mən axıram hələ saf sular kimi,
Doludur kədərlə boşalmır ürək.
Gəl yenə yollarda yubanaq bir də,
Mən cavanam, bir az tələsmə ürək.
Bənd olmuşam sənə göz səni gəzir,
Bənd olmuşam gülə gül səni gəzir.
Nurlu misralarım vətəni gəzir,
Sındırma qəlbimi, sındırma fələk.
Baharım açılıb təzədir-tərdir,
Fəxr ilə mənə açıb əllərin.
Məhəbbət aləmim, sevgi aləmim,
Sındırma qəlbimi, sındırma fələk.
Yenə də bu günlər sözlə dolmuşam,
Bəxtiyar bahara qonaq olmuşam.
Sevindirib məni gülə dönmüşəm,
Sındırma qəlbimi, sındırma fələk.
Məndə söz aləmi, öz aləmim var,
Yaraşmır şairə tez sınıb getmək.
Elə coşuram ki, coşqundur ürək,
Sındırma qəlbimi, sındırma fələk.
PÜSTƏ RƏVAN – media.info.az