Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir – FOTO

Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm qlobal layihələrin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.
Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəmizdə səfərdə oldu. Şübhəsiz, bu səfər iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə öz növbəti töhfəsini verəcək. Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artmaqdadır, 2023-cü ilin yekunları üzrə təxminən 15% artaraq $900 milyona yaxın təşkil edib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.
Bu gün Azərbaycan özünün zəngin yataqlarından hasil etdiyi karbohidrogenləri dünya bazarlarına çatdırmaq üçün şaxələndirilmiş ixrac marşrutlarına malikdir. Önəmlisi odur ki, bu ən müasir nəql infrastrukturu son onilliklərin, bəziləri isə son bir neçə ilin nailiyyətidir. “Əsrin müqaviləsi”nin ilk neftini daşıyan 829 kilometrlik Qərb İxrac Boru Kəməri (Bakı-Supsa marşrutu) 1998-ci ildən fəaliyyət göstərir. Ölkəmizin ərazisində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə eyni dəhliz boyu uzanan Cənubi Qafqaz Boru Kəməri (CQBK) isə 2006-cı ilin sonlarında istismara daxil olaraq “Şahdəniz” qazını Gürcüstana çatdırıb. “Cənub qaz dəhlizi”nin birinci seqmentini təşkil edən genişləndirilmiş CQBK-nin isə əsas hissəsi – 420 kilometri Azərbaycandan keçir. Regionun neft ixracı arteriyası – BTC 1768 kilometr məsafə boyu torpağın altı ilə uzanaraq ahəngdar və təhlükəsiz fəaliyyət göstərən, ətraf mühitə ziyan vurmadan, insanlara narahatlıq gətirmədən yükünü səssiz-səmirsiz daşıyan boru xəttidir. Kəmərin təməli 2002-ci il sentyabrın 18-də Səngəçal terminalında qoyulub. 2005-ci il mayın 25-də isə buradan xəttə ilk neft vurulub. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində kəmər tam sistem kimi istifadəyə verilib.
Bu gün qonşu Gürcüstanda hökm sürən sabitlik və təhlükəsizlik mühiti iqtisadi inkişafın əsasında duran əsas amillərdən biridir: “Aydındır ki, hər hansı bir ölkədə siyasi sabitlik, icttimai təhlükəsizlik təmin olunmadığı təqdirdə heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu baxımdan qonşu Gürcüstünda bu gün hökm sürən sabitlik, əmin-amanlıq və təhlükəsizlik əlbəttə ki, böyük nailiyyətlərdir”. Təsadüfi deyil ki, öz çıxışında cənab Prezident İlham Əliyev regionda və dünyada mövcud olan geosiyasi vəziyyət fonunda Gürcüstanda müşahidə olunan stabillik və inkişafı yüksək dəyərləndirmiş və bütün bu uğurların qardaş ölkədə həyata keçirilən məqsədyönlü islahatlar sayəsində əldə olunduğunu vurğulamışdır.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.