Novruz ölkəmizin siyasi proseslərində bayramlaşma təcrübəsinə səbəb olmuşdur – FOTO

Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında şanlı Zəfərlə başa çatan Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqı Novruzu üçüncü ildir ki, Qələbə sevinci ilə qeyd edir. Bu gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin söylədiyi “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” sözlərini qürurla xatırlayır. Çünki Azərbaycan xalqı artıq ali hədəfinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Milli bayramımız olan Novruzun bütün dünyada tanıdılması sahəsində də məqsədyönlü işlər görülür. Hər kəsə yaxşı məlumdur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.
Bu gün əminliklə söyləyə bilərik ki, Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Novruz ölkəmizin siyasi proseslərində bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.
Dörd ünsür, dörd bayram çərşənbəsi. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır.
Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.
Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir.
Ulu Öndər Heydər Əliyev: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Ölkə başçısı təbrikində bildirdi ki, “əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”. Mən bir daha əziz xalqımı qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.