Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb – FOTO

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.
Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır (onların üçdəbir hissəsi Türküstan vilayətində). Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.
Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11 və 12-də Azərbaycanda dövlət səfərində olub. Bu səfər 2 dövlət arasında dərinləşməkdə olan iqtisadi, siyasi və mədəni əlaqələrdə yeni səhifə açdı. Görüşdə çox mühüm sənədlər imzalanır, qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunur, dövlətlərin milli maraqlarına uyğun problemlər iqtisadi – siyasi, mədəni, təhlükəsizlik, regional məsələlər gündəmə gətirilir və həlli yolları araşdırılır. Dövlətimizin rəhbəri öz çıxışında Qazaxıstan Prezidentinin Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirmiş, ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə ona minnətdarlığını bildirmişdir. Qazaxıstan bütün platformalarda, beynəlxalq tədbirlərdə hər vaxt Azərbaycanın haqlı mövqeyindən çıxış etmişdir. Qarabağ məsələsində dövlətimizin tərəfində olmuşdur. Torpaqlarımız azğın düşməndən azad edildikdən sonra da qardaş dövlət öz dəstəyini əsirgəməmiş, qələbəmizi alqışlayan və müdafiə edən ilk ölkələrdən biri olmuşdur.
İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqızı adına uşaq yaradıcılıq mərkəzinin inşasına dair təşəbbüs də Qazaxıstan Prezidentinindir. Səfər ərzində açılacaq bu mərkəz sözsüz ki, iki dost və qardaş xalqın birliyinin yeni əyani nümunəsi olacaqdır. İki ölkə qarşısında duran məsələlər nəinki səfərlər zamanı beynəlxalq strukturlarda, BMT və Türk Dövlətləri Təşkilatında geniş müzakirə olunur. Çünki Türk Dövlətləri Təşkilatı artıq formalaşmaqdadır və Türk Dövlətlərinin problemlərini qabartmağa, beynəlxalq müstəviyə çıxarmağa qadirdir. Cənab İlham Əliyev mətbuata bəyanatında bunu bir daha qeyd edərək bildirmişdir ki, “bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala malikdir”.
Azərbaycan nəqliyyat – tranzit məsələlərində də Qazaxıstanla həmrəydir. Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının nümunəsində bu aydın göründü. Trans – Xəzər nəqliyyat dəhlizinin reallığa çevrilməsi də iki ölkənin inkişafına sanballı töhfəsini verəcəkdir. Azərbaycan Neft – Qaz sahəsində də əməkdaşlığa böyük önəm verir və bu sahədə yeni konkret layihələr artıq müəyyənləşdirilmişdir.
COP 29 iqlim konfransının Azərbaycanda keçirilməsini Qazaxıstan müsbət qarşılayır və bu sahədə əməkdaşlığa hazırdır. Çünki iqlim dəyişikliklərinin törətdiyi fəsadların aradan qaldırılması, Yaşıl enerjiyə keçid hər iki dövlətin xeyrinədir. Hər iki ölkə zəngin təbii ehtiyatlara malikdir. Bu ehtiyatlardan qarşılıqlı münasibətlər zəminində, səmərəli istifadə edilərsə bu sürətli inkişafın təmin edilməsi, xalqların rifah halının yaxşılaşdırılması baxımından əhəmiyyətlidir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.