Yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir – FOTO

Martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı ölkə Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsində əks olunan fikirlər növbəti dəfə Azərbaycan reallıqlarının dünya və Avropa ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb etmiş oldu. Azərbaycan enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyin təmin olunması istiqamətindəki siyasətini həyata keçirərkən nə qədər çətinliklərlə üzləşsə də, bu, milli təhlükəsizlik məsələsi olduğundan yürütdüyü siyasətdə ardıcıl olub. Çətinliklərdən və yaradılan əngəllərdən geri çəkilməyib. Ortaya qoyulan qətiyyətli və cəsarətli siyasət nəticəsində bütün çətinliklər, hətta dövlətçiliyə yaradılan təhdidlər belə dəf edilib. Bunun nəticəsidir ki, Azərbaycan neft-qaz sahəsində deyil, artıq “yaşıl enerji” sahəsində də Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində konkret addımlar atmaqdadır. Artıq “yaşıl enerji”nin Avropa çatdırılması məqsədi ilə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın hakimiyyət orqanları Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi üçün birgə şirkət yaratmaq imkanını nəzərdən keçirir.
Müsahibənin ümumi ahəngi Azərbaycanın istər siyasi, istərsə də iqtisadi qüdrətinin təsdiqi kimi dinlənildi: “Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Azərbaycanın təşəbbüskarı olduğu bu möhtəşəm layihə növbəti dəfə geniş beynəlxalq əməkdaşlığa zəmin yaratdı. Nəticə olaraq bu gün uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi artıq reallıqdır və bu reallıq getdikcə daha böyük coğrafiyanı əhatə etməkdədir. Hazırda Azərbaycan qazının yeni təyinat nöqtələrinə nəql edilməsi üçün yaradılmış interkonnektorlar şəbəkəsinin mövcudluğu da bunu aydın şəkildə nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Cənub Qaz Dəhlizi Avropada enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir.
Bu layihələr müxtəlif dövlətlərin iştirakı ilə gerçəkləşə bilərdi. Azərbaycan Respublikasının Prezidenti müsahibəsində qeyd etdi ki, “Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”.
Cənab Prezident İlham Əliyevin müsahibəsində qeyd olunduğu kimi, bu il ölkəmizin ev sahibliyi edəcəyi COP 29 da Azərbaycanın ümumi yaşıl enerji gündəliyinin bir hissəsini təşkil edir. Məlumdur ki, hazırda Azərbaycanda məhz bu sahədə irimiqyaslı beynəlxalq layihələr gerçəkləşdirilməkdədir. Ölkəmizin bərpaolunan enerji istehsalı sahəsində böyük potensiala malik olması da bir çox təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Məlumdur ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bu potensial nəzərə alınaraq hökumət tərəfindən 2030-cu ilə qədər ümumi enerji qoyuluşunda bərpa olunan enerjinin payını 30 %-ə çatdırmaq planlaşdırılıb. Bu baxımdan əlbəttə ki, keçən ilin oktyabr ayında 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi çox əhəmiyyətli bir hadisə oldu. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Tədbirdə çıxış edən Dövlətimizin Başçısı cənab İlham Əliyev bildirmişdir ki, bunlar ölkəmizin yaşıl enerji iqtisadiyyatına verdiyi əhəmiyyətin göstəriciləridir. Görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir. Nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə enib.
Azərbaycan zamanında qlobal geosiyasi proseslərə çevik reaksiya verib adekvat siyasət yürütməklə bu uğurlara imza atıb.Qarşıdakı mərhələdə Azərbaycan bu istiqamətdə qoyduğu hədəflərə nail olacaq.Bu həm ölkəyə daha böyük həcmdə investisiyaların cəlb olunmasında, həm ölkəsinin iqtisadi vəziyyətinin inkişaf edərək əhalinin sosial vəziyyətinin yaxşılaşması, həm milli təhlükəsizliyinin etibarlı təmini, həm də beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində, yeni-yeni imkanların açılmasında öz müstəsna rolunu oynayacaq.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.