Mehriban xanım Əliyeva ölkədə müasir Azərbaycan qadınının ən nümunəvi təmsilçisidir – FOTO
Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da həmişə qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. 8 Mart – Beynəlxalq Qadınlar Günü bütün dövlətlərdə olduğu kimi, ölkəmizdə də rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edilir.
Azərbaycanda qadın siyasətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan cəmiyyətində qadın siyasətinin tətbiq edilməsi, dövlətin idarə edilməsində qadınların irəli çəkilməsi ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətində öz əksini tapmış ən aktual məsələlərdən biri olmuşdur. Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə daima böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradırdı. 1995-ci ildə YAP Qadınlar Şurasının yaradılması və qadınların bu şurada fəal iştirakı bu siyasətin bariz nümunəsidir. YAP bu baxımdan digər partiyalar üçün bir örnək oldu.
1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində baş vermiş mühüm hadisədir. Respublikamızda da cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycanda qadınların inkişafı məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi altında çoxlu sayda fərman və sərəncamlar verilib, qanunvericilik aktları qəbul edilib. Prezident İlham Əliyev Azərbaycan qadınının potensialına, onların ictimai-siyasi həyatdakı fəaliyyətinə xüsusi diqqət ayırır.
2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Hazıda Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, YAP-ın tərkibində fəaliyyət göstərən qadınlarımızın ən nümunəvi örnəyi Mehriban xanım Əliyevadır. Azərbaycan cəmiyyətində qadınların uğurlu fəaliyyətinin sürətli inkişafı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkədə müasir Azərbaycan qadınının ən nümunəvi təmsilçisidir. Onun UNESCO-nun və müsəlman aləmini əhatə edən ISESCO-nun sülhməramlı səfiri kimi ölkəmizi həm Şərq və Qərbdə, həm də Asiya və Avropada təmsil etməsi Azərbaycanın “Yumşaq güc” siyasətinin formalaşmasında və uğurla həyata keçirilməsində rolu böyükdür. Mehriban xanımın birbaşa təşəbbüsü ilə Azərbaycan qadınının istedadı bütün dünyada nümayiş olunur.
Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur.
Bu gün ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.