Niyaməddin Əsgərov:”Milli kimliyin formalaşması” – FOTO

XX əsrdə törədilmiş ən qanlı hadisələr arasında 20 Yanvar tarixində Azərbaycanda insanlığa qarşı törədilmiş dəhşətli cinayət də var. Qanlı hadisələrdən 34 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş günlərin acısını unutmur, öz vətəndaşlarına qarşı kütləvi qırğınlar törədən sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir. Belə ki, 20 Yanvar qətliamı ərəfəsində yaşanan proseslər Azərbaycan xalqının siyasi özünüdərkinin inkişafına təkan verdi və Azərbaycan vətəndaşlarının öz respublikasının ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu nümayiş etdirdi. Bakıdakı Qanlı Yanvar müstəqillik uğrunda mübarizə aparan hər kəs üçün aşkar dərs oldu. Azərbaycan milli hərəkatının yüksəlişini şərtləndirən əsas amil isə Qarabağ problemi idi. Mərkəzin Qarabağ böhranının həlli istiqamətindəki uğursuz və məkrli “səyləri”, respublika rəhbərliyinin Azərbaycanın milli maraqlarını qoruya bilməməsi, Ermənistandan və Qarabağdan qovulmuş azərbaycanlıların acınacaqlı vəziyyəti xalqın hiddətinə səbəb oldu. Vətəndaşlar narazılıqlarını bildirmək üçün dinc aksiyalara çıxdılar. Təəssüflər olsun ki, həmin dövrdə respublikada xalqı düzgün istiqamətə yönəldə biləcək rəhbər, qüvvə yox idi.
Günahsız insanların böyük itkilərə və məhvinə səbəb olan 20 Yanvar faciəsi Azərbaycan xalqının döyüş ruhunu, əyilməzliyini və qürurunu nümayiş etdirdi. Bu qanlı faciəyə ilk münasibətini bildirən Ümummilli Lider Heydər Əliyev oldu. 20 Yanvar qətliamının törədilməsindən bir gün sonra o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu cinayətə qarşı etiraz səsini ucaltdı, bəyanatla çıxış edərək baş verən hadisəni hüquqazidd, demokratiyaya yad və humanizm prinsiplərinin əleyhinə olan əməl kimi qiymətləndirdi. Bu cəsur hərəkəti ilə Ulu Öndər Heydər Əliyev ən çətin anda təkcə xalqının yanında olmadı, eyni zamanda, informasiya blokadasının yarılmasında, Azərbaycanda baş verən qanlı hadisələrin dünyaya çatdırılmasında müstəsna rol oynadı. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə məhz ümummilli lider Heydər Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hadisəyə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların aşkarlanması istiqamətində yorulmaz fəaliyyət göstərdi. Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamentində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə ehtiramı, bu istiqamətdə həyata keçirilən diqqət və qayğı siyasəti bu gün də yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə qayğı göstərilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsinin qurbanları da istisna deyil.
Üzərindən 34 il keçməsindən asılı olmayaraq, o qanlı şənbə gecəsində azadlıq və müstəqillik uğrunda mübarizəyə qalxan dinc əhaliyə tutulan amansız divanı xalq heç vaxt unutmur. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Otuz il ərzində xalqımız mənfur düşmənin işğalı ilə barışmadı, doğma torpaqlara, yurd-yuvamıza qovuşmaq arzusu ilə yaşadı. 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfinin hücum cəhdi məsələnin sülh yolu ilə həllini səbirlə gözləyən Azərbaycan üçün səbir kasasını daşıran son damla oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz 44 gün ərzində illərlə davam edən işğala son qoydu. Tarixin səhifələrinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Azərbaycan xalqının igidliyinin, mərdliyinin, heç bir işğalla barışmayacağının bariz nümunəsi oldu.
Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək. Gün gələcək Azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar. 20 Yanvar qəhrəmanlıq tarixindən Qarabağ Zəfərinə kimi hadisələr, xalqımızın Vətən, millət sevgisinin, milli ideallar üçün birləşməsinin əvəzsiz nümunələr nəsildən-nəslə ötürüləcək, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü əbədi edəcək.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.