Şair publisist Nizami Qəribin söz dünyasından… VİDEO

   OLMAYAYDI KAŞ

İllərdir çiynimdə daşınmaz yükdür,
Xatirən yaddaşda qalmayaydı kaş,
Ümidlə saldığım könül bağçanda,
Əkdiyim çiçəklər solmayaydı kaş.

Səni qış günəşi sanan gözümə,
Səndən özgəsini danan gözümə,
Vüsal atəşiylə yanan gözümə,
Həsrət damcıları dolmayaydı kaş.

Bitmir dərdlərimin oyaq qalması,
Bezdirib halıma çəpik çalması.
Bağlanıb üzünə eşqin qapısı,
Səni ürəyimə almayaydı kaş.

Gətirdi Qəribi gör hara sevda,
Vurdu yara üstə bir yara sevda,
Nə mənim qəlbimdə bu qara sevda,
Nə səndə gözəllik olmayaydı kaş.

 

YOXDUR

Gör hansı zamana gəlmişik, Allah,
Mərdi az dünyanın namərdi çoxdur.
Şər-böhtan ataraq üzünə durur,
Kişi var, kişilik məktəbi yoxdur.

Çalış ki, özünü qoru nadandan,
Dost deyib dostunu pula satandan.
Özünə mən deyib kişi sayandan,
Kişi var kişilik məktəbi yoxdur.

Pula qeyrət satıb, küncə sıxılan,
Hər gün edam olub, üzdən asılan.
Kişi geyimində, kişi sayılan,
Kişi var kişilik məktəbi yoxdur.

AZƏRBAYCAN

Zaman gəldi, yatma oyan!
Ey qəlbi qan, Azərbaycan!
Neçə-neçə oğul verib,
Uğrunda can, Azərbaycan!

Ocaq oldun odlara sən,
Ucalıqsan adlara sən.
Düşmənlərə, yadlara sən,
Etmə güman, Azərbaycan!

Yaşa daha həyəcansız,
Yolun açıq, çən-dumansız.
İcevansız, Dilicansız,
Ötmür zaman, Azərbaycan!

Tikə-tikə böldük, bəsdir,
Diri-diri öldük, bəsdir,
Bu günədək dedik, bəsdi,
Qəlbi talan Azərbaycan!

Həsrətin beli bükülsün,
Bərə uçsun, bənd sökülsün!
Başın üstən qoy çəkilsin,
Tüstü-duman, Azərbaycan!

Xəritəndə yox Dərbəndim,
Təbrizini yadda gördüm.
Qaysaq tutmur Göyçə dərdim,
Sənsən dərman, Azərbaycan!

Tərifini Qərib versin,
Mübarizlər dövran sürsün.
Hünərini baxıb görsün,
Yaxşı-yaman, Azərbaycan!

Nizami Qərib – Media.info.az