Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir.
Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir.
Prezident İlham Əliyevin Şuşaya yığışan nazirlərə ünvanladığı müraciətdə də qeyd etdiyi kimi, İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir: “Azərbaycan əməkdaşlığa açıq ölkədir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır”.
10 oktyabrda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Şuşa şəhərində keçirilməsi çox önəmlidir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri tarix boyu çox möhtəşəm tədbirlərin keçirildiyi məkan olub. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Məhz buna görə Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi çox sevindirici bir hadisə oldu.
Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.
Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub.
Azərbaycan azad olunan ərazilərin bərpasını çox kiçik istisnalarla öz hesabına həyata keçirir. İndiyədək bu istiqamətə 7 milyard dollar ayrılıb. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən böyük quruculuq işləri bölgəyə qayıdacaq əhalinin məşğulluğunu təmin etmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti yurdlarına qayıdan əhalinin məşğulluğunun təmin olunması üçün Cəbrayı və Ağdamda sənaye zonaları yaradır. Ərazidə işləyəcək şirkətlərə, mütəxəssislərə dövlət tərəfindən böyük güzəşt və imtiyazlar verilir. Böyük Qayıdış proqramının uğurla icrası nəticəsində artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq. Növbəti üç ildə isə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaq.
Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.
Energetika Nazirliyinin məlumatına əsasən ilki qiymətləndirmələr Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensialın 7200 MVt-dan artıq olduğunu göstərir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisi üzrə texniki potensial 2000 MVt təşkil edir. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur. Həmçinin, Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcək.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.