Niyaməddin Əsgərov: “Azərbaycan sülhpərvər ölkədir” FOTO
“Azərbaycan sülhpərvər ölkədir. Biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq”
Ötən əsrin 90-cı illərinin başlanğıcında Azərbaycandakı xaos, hərc-mərclik, özbaşınalıq dözülməz vəziyyət yaratmışdı. Hakimiyyətə tank üstündə gəldiklərini etiraf edən AXC-Müsavat cütlüyünün ölkədə yaratdığı dözülməz vəziyyətdən cana doyan xalq çıxış yolu axtarırdı. O dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Ulu Öndər Heydər Əliyevə müraciət etməklə Azərbaycanı gözləyən daha təhlükəli vəziyyətdən çıxarmağı tələb edən xalqın istəyi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyevin bu qayıdışı müstəqilliyimizin əbədiyyət tarixi kimi salnaməmizə yazıldı.
Belə ki, 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.
Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, Azərbaycan sülhpərvər ölkədir. Biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq. Sülh, əmin-amanlıq üçün ölkədə sülh lazımdır, bölgədə sülh lazımdır, cahanda sülh lazımdır.
Ümummilli Liderimiz azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin əsas ideologiyası olaraq müəyyənləşdirdi. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində “Azərbaycançılıq” əsas və aparıcı milli ideologiyamıza çevrildi. Çünki bu Ulu Öndər Heydər Əliyevin zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyi kursdur.
1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir. Azərbaycançılıq ideologiyasını təkmilləşdirməklə milli-mənəvi dəyərlərimizin qorunmasını təmin edən Ulu Öndər milli kadr və ziyalı potensialından istifadə etməklə, respublikada təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı üçün etibarlı təməl yaratdı.
Heydər Əliyev yürütdüyü uzaqgörən və məharətli siyasət nəticəsində ölkəmizin xarici ölkələrlə əlaqələrinə zərbə vuran qüvvələri zərərsizləşdirməyi bacarmışdır. Böyük İpək Yolu ideyasını dirçəltməklə Azərbaycanı iqtisadi blokadadan çıxarmışdı. Böyük İpək Yolunun dirçəldilməsi yalnız Azərbaycanın deyil, bütün türk dünyasının dirçəlişində, iqtisadi-mədəni oyanışında misilsiz rol oynayıb.
Müasir və qüdrətli Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyev ənənələrini davam etdirərək apardığı uğurlu siyasət nəticəsində Azərbaycan artıq regionun coğrafi-siyasi mərkəzinə çevrilmişdir. Azərbaycanın bölgədəki və onun hüdudlarından kənardakı proseslərə təsiri getdikcə artmaqdadır. Heydər Əliyev irsi Azərbaycan xalqı üçün əvəzolunmaz nemətdir. Məhz onun dönməz iradəsi, sarsılmaz əzmi sayəsində xalqımızı elə bir tarixi imkan əldə etmişdir ki, bunun sayəsində Azərbaycan köhnə dünyadan və onun ənənələrindən sürətlə uzaqlaşmağa, elm, mədəniyyət, təhsil, ən əsası ictimai-siyasi intibah yoluna qədəm qoymağa nail olmuşdur.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.