Əsrlər boyu davalar, savaşlar,qanlı toqquşmalar məkanı olmuş regionumuza artıq sülh gəlməlidir – FOTO

Əsrlər boyu davalar, savaşlar,qanlı toqquşmalar məkanı olmuş regionumuza artıq sülh gəlməlidir.

Bildiyimiz kimi, sentyabrın 19-da erməni silahlı dəstələri tərəfindən törədilmiş növbəti terror aktının qurbanı polis əməkdaşlarımız və mülki insanlarımız oldu. Qanunsuz erməni silahlı birləşmələrinin həyata keçirdiyi bu terror nəticəsində 7 nəfəri polis əməkdaşı olmaqla 9 nəfər vətəndaşımız həyatını itirdi. Təbii olaraq bu da Azərbaycanın antiterror əməliyyatlarına başlamasını labüd etdi. Və beləliklə, Azərbaycan sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, erməni silahlı birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə start verdi.
Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarında mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb. Bu isə o deməkdir ki, bizim sivil insanlarla işimiz yoxdur! Antiterror əməliyyatlarının məqsədi yalnız legitim hərbi hədəfləri, döyüş vasitələrini və hərbi təyinatlı obyektləri sıradan çıxarmaq idi.
Azərbaycan öz qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq qadınlara, uşaqlara, qocalara, habelə fiziki məhdudiyyətli şəxslərə və xəstələrə lazımi tibbi və digər yardımlar göstərəcək, onları içməli su və ərzaqla təmin edəcək. Eləcə də Qarabağda yaşayan erməni əhalisinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.
Azərbaycan 30 ilə yaxın bir müddətdə siyasi iradə nümayiş etdirərək məsələlərin dinc yolla həlinə çalışırdı. Lakin erməni separatçıları göstərdilər ki, onlar sülh dilini yox, sopa dilini anlayırlar. Müxtəlif sərt bəyanatlar səsləndirən Qarabağdakı qondarma rejim Azərbaycan Ordusunun gücü qarşısında heç bir gün də dayana bilmədi. Cəmi 23 saat çəkən lokal antiterror əməliyyatlarına tab gətirməyən ermənilər ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycan öz ərazisində “boz zona”nın yaradılmasına imkan vermədi. Bütün dünyaya növbəti dəfə öz hərbi və siyasi gücünü göstərdi! Danışıqlar Brüsseldə, Moskvada və digər xarici şəhərlərdə yox, Azərbaycan ərazisində – Yevlaxda baş tutdu. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər, Azərbaycan qanunlarına tabe olanlar Azərbaycan vətəndaşı kimi Xankəndidə və digər ərazilərimizdə yaşaya biləcəklər. Qondarma rejim və onun nümayəndələri, Qarabağdakı Ermənistan ordusunun tör-töküntüsü ərazilərimizi tərk edəcəklər. Azərbaycan növbəti dəfə göstərdi ki, şərtləri diktə edən tərəf kimdir, reallıqları formalaşdıran kimdir. Bundan sonrakı mərhələdə isə bölgədə quruculuq və reinteqrasiya prosesinə start veriləcək. Azərbaycan vətəndaşları Azərbaycan Bayrağı altında təhlükəsiz formada yaşayacaq.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində dediyi kimi: “Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil – Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
Cənubi Qafqazda yeni siyasi düzən formalaşır. Bu düzənin formalaşması Prezident cənab İlham Əliyevin adı ilə bağlıdır. Uzun müddətdir beynəlxalq təşkilatların gözünə kül üfürən ermənilər artıq yeni reallıqlarla barışmağa məcbur olublar. Bunu həyata keçirilən antiterror tədbirləri də bir daha sübut etdi. Xoşluqla addım atmaq istəməyən qondarma rejimin nümayəndələrinin TIR şouları heç bir nəticə vermədi. Mina terroru ilə pərdələnən daşnaqlar Moskva razılaşmasından sonra götürdükləri öhdəliklərə əməl etməməklə 300-dən çox mina qurbanının baiskarı oldular. Təbii ki, baş verən hadisələrlə bağlı hüquqi çərçivədə addımlar atılır və yaxın zamanda biz bunların müsbət nəticəsinin şahidi olacağıq.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.