“Reinteqrasiya məsələlərini müzakirə etmək üçün dialoqa dəvət” – Niyaməddin Əsgərov
Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağın erməni əhalisi arasında dialoq, onların cəmiyyətimizə reinteqrasiyası sırf ölkəmizin daxili işidir və bu məsələlərin Ermənistanla nədə onun havadarları ilə heç bir əlaqəsi yoxdur.
2023-cü sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib.
Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olublar. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Azərbaycanın öz ərazisində apardığı antiterror tədbirləri ilə bağlı Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaları onların beynəlxalq hüququn norma və prinsiplərinə, ilk növbədə isə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə qarışmama prinsiplərinə ziddir.
Ermənistanın baş nazirinin Azərbaycanın öz ərazisində apardığı tədbirlərə müdaxilə etməyəcəyini bəyan etməsi ilə məsələnin beynəlxalq təhlükəsizlik aspekti və bununla da BMT Təhlükəsizlik Şurasının bu mövzuda iclas keçirməsinin nəzəri əsasları belə aradan qalxmışdı. Ermənistanın baş nazirinin sözügedən antiterror tədbirlərinin Qarabağda yaşayan ermənilərin həyatı üçün təhlükə törətmədiyini və mülki əhali arasında kütləvi tələfat barədə iddiaların əsassız olduğunu bildirməsi fonunda bu ölkənin xarici işlər nazirinin BMT Təhlükəsizlik Şurasında Qarabağda mülkilərə qarşı guya təhdidlərin olmasını iddia etməsi bu dövlətin siyasətində səbatsızlığı və ikiüzlülüyü bir daha nümayiş etdirir. Almaniya, Fransa və Avropa İttifaqının iclasda və ondan əvvəl nümayiş etdirdikləri mövqe bu qüvvələrin bir tərəfdən regionda davamlı sülhün bərqərar olması perspektivinin yaxınlaşmasından narahat olduqlarını, digər tərəfdən isə onların Azərbaycana və azərbaycanlılara qarşı dini və etnik nifrət əsasında ayrı-seçkilik etdiklərini göstərir.
Azərbaycan isə öz hüquqlarını yaxşı bilir, kimin necə etiraz etməsindən, necə rəy verməsindən asılı olmayaraq, regionda sülhün və sabitliyin bərpasında ötrü bütün imkanlardan istifadə edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa müraciətində növbəti dəfə xalqımızın humanistliyini, sülhpərvərliyini, sivilliyini dünyaya nümayiş etdirdi, Azərbaycanın Qarabağın erməni sakinlərinin sülh yolu ilə reinteqrasiyasını istədiyini bildirdi.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.