Həkim şair Əfrahim Hüseynlinin söz dünyasından… VİDEO

MƏNİ ÜZÜYUMŞAQ GÖRÜB BU PAYIZ

Məni üzüyumşaq görüb bu payız
Nə vaxtdır qapımı döyür küləyi.
Çəkibdi içinə öz nəfəsini
Ağacın yarpağı, gülün ləçəyi.

Bu yollar uzandı gör hara qədər,-
Bəlkə yollara da bir yük olmuşam…
Elə bilirdim ki, uça bilməyən
Aylardan, illərdən qala qurmuşam.

Mən indi bilmişəm payız çənində
Bir güman axtarmaq nə demək imiş.
Yuxu, nağıl olan yaz yağışında
İslanmaq yalançı öyünmək imiş

Yola, cığıra da bel bağlamışdım,
Uzanan bu yolun sərhədi varmış.
Mənlə o yağışda islanan dostlar
Payız dumanında uzaq olarmış…

Dərd çəkdim dostlarım yaman qocaldı,
Sevdim yer üzünü qaralı-ağlı.
Payız imtahanı varmış qabaqda,-
Dostları gəzirəm əli çıraqlı.

İlahi, bu ömrü yazan ha sənsən,
Mən kiməm, başladım sorğu-suala?
…Buluda bürünüb göyün üzü də,
Deyəsən yağacaq, düzəlim yola…

YOLLAR QAYADAN ASILIR

Təkcə bulanan su deyil,
Dərd gəlirsə, qorxu deyil.
Olan işlər yuxu deyil,
Tanrım, tərsinə yozulur.

Gələ-gələ, zaman-zaman
Dedik ayaqsızdı yalan.
Alnıma yazılıb olan,
Yoxsa, yazılan pozulur?!

Çox iimiş uçurub sökən,-
Gözlərini yumub tikən.
Dərddən ölmür dərdi çəkən,
Qəbri qabaqca qazılır.

Çöl-çəmən bürünüb qara,-
Əlim soyuq, üzüm qara.
Getmək istəyirəm hara,
Yollar qayadan asilir

 

UZAQ YOLLAR QARA XƏTTDİ

Uzaq yollar qara xəttdi,
Çəkilib yazı yerinə.
Bir – iki şer yazmışdım,
Qoymadın yazı yerinə.

Səndən uzaq olan kəslər
Gəlib isinir istimə.
Səni uzağa göndərdim,
Qayıdıb gəldin üstümə.

Yağış altda qala-qala
Qara xətt sola bilmədi…
Hamı kimi heç olmasa,
Şahidim ola bilmədin.

Yolçuyam, bu sevda yüküm,-
Qəddimi əydi, gedirəm!
Sən dəymədin ki…qəlbimə
Öz sevdam dəydi, gedirəm

Uzaq yollar qara xəttdi,
Çəkildi yazı yerinə!
Bir – iki şer yazmışdım,
Qoymadın yazı yerinə.

Əfrahim Hüseynli –  media.info.az