“Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır.”- Niyaməddin Əsgərov

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar.
12 avqust Beynəlxalq Gənclər günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər günü kimi qeyd olunması qərara alınıb.
Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli- mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək, uğurla həyata keçirməyə başlayıb. O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sayəsində əməli işlər görülüb. Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. Forumlarda Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulub. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir”.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında yeni dövr başladı: “Məhz onun rəhbərliyi ilə həyata keçirilən davamlı tədbirlər,uğurla icra olunan dövlət proqramları gənclərimizin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadı. Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, onlarda Vətənə məhəbbət, dövlətçilimizə sədaqət hisslərinin aşılanması həmişə ön planda oldu. 27 sentyabr tarixindən başlayan 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız mənfur düşməndən azad edildi. Rəşadətli Azərbaycan Ordusunun sıralarında hərbi xidmətə cəlb olunmuş gənclərimiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əzəli torpaqlarımızın işğaldan azad olunması və tarixi Qələbəmizin əldə olunmasında cəsurluq, igidlik və yenilməzlik nümunəsi göstərdilər.
XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür.
Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.