Nizami Qərib -yeni şeirlər…FOTO VİDEO

Ay eşqimin sonası

Hər gözəldən yar olmaz,
Hər bağçada nar olmaz.
Eşqim sənsiz var olmaz,
Ay eşqimin sonası.

Sözüm şeir-qəzəldi,
Ay eşqimin sonası.
Həyat sənlə gözəldi,
Ay eşqimin sonası.

Gül-çiyəyi üzmərəm,
Çöl-çəməni gəzmərəm.
Həsrətinə dözmərəm,
Ay eşqimin sonası.

Sənlə deyib-gülmüşəm,
Sevincimi bölmüşəm.
Səni özüm bilmişəm,
Ay eşqimin sonası.

 

SƏNSİZ OLMUŞAM QƏRİB

Bilirəm ki, dardasan,
Dadına yetəmmirəm.
Bir gül olub, ay Göyçəm,
Qoynunda bitəmmirəm.

Bitmədimi fələyin,
Bu həsrətli sınağı?
İllərdi ki, olmusan,
Yuxuların qonağı.

Şah damarsan, ayrılıb,
Ürəyimdən qopmusan.
Sətir-sətir düzülüb,
Şeirimə hopmusan.

Son nəfəsdə bağından,
Kaş öləydim bar dərib.
Sənlə Nizami oldum,
Sənsiz olmuşam Qərib.

BABAL KİMİYƏM

Halımı soruşma, vəfasız dostum,
Qanadı qırılmış qartal kimiyəm.
Ömür meydanımda qılınc-qalxansız,
Fələyin udduğu cidal kimiyəm.

Çox yadlar danışdı doğma diliylə,
Tikan batırdılar qızılgülüylə.
Bir vaxt mərd bildiyim namərd əliylə,
Qoluma vurulan qandal kimiyəm.

Qərib, yaş quruyub üzündə bu gün,
Özünə uzaqsan özün də bu gün.
Dünən pir deyənin gözündə bu gün,
Ehh, günah kimiyəm, babal kimiyəm.

Nizami Qərib  media.info