Milli maraqlara söykənən siyasət – Niyaməddin Əsgərov
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ölkənin sabit inkişafı və vətəndaş hüquqlarının müdafiəsinə, o cümlədən, milli mənafenin qorunmasına köklənmiş siyasət kursu hər zaman öz üstünlüyünü nümayiş etdirir. Sürətli iqtisadi inkişaf və sosial yüksəliş, o cümlədən, siyasi sabitlik ölkəmizin beynəlxalq miqyasda mövqeyinin möhkəmlənməsinə zəmin yaradıb. Bu isə öz növbəsində dövlətimizin dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə xidmət göstərir. Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasət kursu açıq, aydın və səmimidir. Bu fakt hamı tərəfindən təsdiqlənir. Nəticə etibarı ilə bu formatda inkişaf edən münasibətlər isə, dünya tərəfindən yüksək diqqətlə və hörmətlə qarşılanır. Prezident İlham Əliyevin apardığı balanslaşdırılmış siyasət kursu Azərbaycanı münaqişələrdən, dövlətlərin və maraqların çəkişməsindən kənarda saxlamaqla yanaşı, öz milli maraqlarımızın yüksək səviyyədə qorunmasına da yol açıb.
İyulun 22-də Prezident İlham Əliyev “China Global Television Network” televiziya kanalına müsahibə verib. Dövlət başçısı müsahibə zamanı bildirib ki,şəhərlərimizin əsl orijinallığını və nailiyyətlərini qoruyub saxlayırıq. Bakı kimi tarixi şəhərdə ilk məqsəd tariximizi və memarlıq abidələrini qorumaqdır. Eyni zamanda, şəhərə inkişaf etmək imkanı verilməlidir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub. Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. Azərbaycan və Çin arasında ikitərəfli əlaqələrin inkişafında yekdil siyasətimiz var.
Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Cari ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər.
İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasında ibarətdir.Azərbaycan sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladı. Bir neçə dəfə danışıqlar aparılıb və iyunun sonunda davam etdiriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Sülh müqaviləsi həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar. Azərbaycandakı erməni azlığının hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar.
Azərbaycan qonşu dövlətlərlə münasibətlərini də balanslaşdırılmış və qarşılıqlı maraqlardan çıxış edən münasibətlər müstəvisində qurmağı uğurla reallaşdıra bilmişdir. Bunun nəticəsi olaraq müxtəlif siyasi oriyentasiyalara mənsub olan qonşu dövlətlərlə əlaqələr ən yüksək səviyyəyə çatdırılmışdır. Bu əlaqələr regionda müəyyən geosiyasi maraqların uzlaşdırılması və ölkənin milli maraqlarının hər şeydən üstün tutulması sayəsində mümkün olmuşdur.
Əlbəttə, milli maraqların təmin edilməsi inkişaf etmiş iqtisadi imkanlar, güclü siyasi iradə və səriştə nəticəsində reallaşdırıla bilər. Bu baxımdan Azərbaycanın enerji resursları, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu ayrıca vurğulamaq vacibdir. Azərbaycan bu gün Avropanın və digər region dövlətlərinin enerji siyasətində vacib bir həlqəyə çevrilmişdir. Təbii ki, bütün bunlar dövlət başçısının şəxsi siyasi keyfiyyətləri, praqmatik fəaliyyəti ilə sıx bağlıdır. Prezident İlham Əliyev regionun siyasi nizamında söz sahibi olan liderlərdən biri kimi hər zaman proseslərin mərkəzində çıxış edir.
Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan özünün layiqli yolundan dönməyəcək və heç bir qüvvənin diktəsinə boyun əyməyəcəkdir. Bunun üçün Azərbaycanın həm iqtisadi gücü, həm də qətiyyətli siyasi iradəsi mövcuddur.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının məsləhətçisi.