Ermənistan rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir – Niyaməddin Əsgərov FOTO
Bildiyimiz kimi postmüharibə dövrünün ən çox müzakirə edilən məsələsi Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi və yekun sülh müqaviləsinin imzalanmasıdır. 2020-ci ilin payızında baş tutan Vətən müharibəsi Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcını qoydu. İndi bölgədəki bütün proseslər ölkəmizin liderliyi altında həyata keçirilir. Postmüharibə dövründə rəsmi Bakı üçün əsas hədəflər sırasında yeni geoiqtisadi layihələrin reallaşdırılmasına nail olmaqdır. Təbii ki, bunun üçün bölgədə sülh və əməkdaşlıq çox vacibdir.
Bu məqsədlə Azərbaycan bir neçə dəfə Ermənistanla dialoqa hazır olduğunu, eləcə də gələcəkdə iki dövlət arasında sülh sazişinin müzakirə edilib imzalanmasını təklif edib. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda dayanıqlı sülhün təminatı və inkişaf üçün yeni perspektivlərin yaranması deməkdir. Artıq müharibə başa çatıb, münaqişə həll olunub. Ermənistan tərəfi də bu reallığı qəbul etməli, regionda sülhün bərqərar olması üçün konkret addımlar atmalıdır. Bu məsələdə Azərbaycanın mövqeyi aydındır. Cənubi Qafqazın sabit və təhlükəsiz regiona çevrilməsi çox mühümdür.
Prezident İlham Əliyev bütün çıxışlarında, rəsmi görüşlərində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağanmasının vacibliyini qeyd edib. İki dövlət arasında sərhədlərin delimitasiyası və demarkasiyası işləri həyata keçirilməlidir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu günə kimi məsələnin həlli baxımından heç bir addım atmamışdır.
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev dedi: “Hazırda danışıqlar masasında əsas məsələlərdən biri Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Onlar bunu şifahi şəkildə ediblər, bu, onların mövqeyidir. Biz onu qəbul etdik. Onların baş naziri dedi, “Qarabağ Azərbaycandır”. Kaş ki, o, bunu 2019-cu ildə deyəydi. Amma o, Xankəndidə tamamilə başqa bir söz demişdi. Ancaq o, bu gün həmin sənədə öz imzasını qoymalıdır. Bizim sülh sazişimizin layihəsində belə bir bənd var ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Çünki hazırda onların mövqeləri qeyri-müəyyəndir. Bir tərəfdən deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma digər tərəfdən də deyirlər ki, Qarabağdakı erməni icması da sülh danışıqlarına hər hansı bir şəkildə daxil edilməlidir. Bu məsələ mümkünsüzdür. Mətnlə bağlı müəyyən təkliflər var. Onlar milli azlıqların hüquqları və təhlükəsizliyi ilə bağlıdır və bu, hər iki ölkəyə aiddir. Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır. Ümid edirəm ki, biz yekun mərhələyə çatacağıq. Proqnoz vermək çətindir. Mən bizdən asılı olan məsələlərlə bağlı proqnoz verə bilərəm. Ancaq biz danışıqlarla bağlı ümidliyik. Amma biz o qədər də nikbin deyil, real olmalıyıq.”
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası tərəflər arasında gələcək sərhədyanı ərazilərdəki münaqişələrdən sığortalanmaq və qarşılıqlı əməkdaşlıq üçün vacib olan bir nömrəli məsələdir. Ölkəmiz Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 gün ərzində torpaqlarımıza edilən qəsbkarlığın nəticəsinin necə ağır olacağını hərbi əməliyyatlar vasitəsilə göstərdi. Bundan sonra bizim ərazilərimizlə bağlı erməni revanşistlərin hər hansı xəyalı bizi Ermənistandakı tarixi torpaqlarımız haqqında düşündürə bilər. Bu reallığı Ermənistanın indiki və gələcək siyasi hakimiyyəti nəzərə almalı, sülh sazişinin imzalanmasının ilkin mərhələsi olan Üçtərəfli Bəyanat və digər razılaşmalara əməl etməyin qaçılmaz olmasını məsuliyyətləri ilə dərk etməlidir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının məsləhətçisi.