İqtisadi müstəqilliyin təmin olunması strategiyası – Niyaməddin Əsgərov

Azərbaycanın iqtisadi və sosial inkişafı, iqtisadi təhlükəsizlik və dünya inteqrasiya sisteminə daxil olması dayanıqlı inkişaf strategiyasını əhatə edir. 1994-cü ildə imzalanmış və Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan “Əsrin müqaviləsi”nin icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.
Azərbaycanın müstəqillik illərinin uğuru respublikamızın heç bir dövlət və beynəlxalq təşkilatdan asılı olmadan müstəqil siyasət yeritməsi, milli maraq və mənafeyini müdafiə etməsidir. Müxtəlif dövrlərdə insanların tələbat sistemi, insan kapitalının formalaşması müasir şəraitdə strateji planlaşdırma və idarəetmə sisteminin meyarı olaraq istifadə olunur. Azərbaycan iqtisadiyyatının sosial bazası 1996-cı ildən başlayan dayanıqlı inkişaf və yüksək artım sürətilə genişlənir. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi iqtisadiyyatın davamlı olaraq ümumdaxili məhsul, büdcə və valyuta ehtiyatlarını ildən-ilə artmasını göstərir. Həmçinin bu dövrlər ərzində sahibkarlığın inkişafı, enerji təhlükəsizliyi, yeni infrastruktur sahələri inkişaf edib. Əsasını Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan davamlı inkişaf strategiyası müstəqil Azərbaycanın siyasi və iqtisadi simasını müəyyən edir. Sürətli intibah yolunda qarşıya qoyulan hədəflərə inamla yetişən bütün sahələrdə respublikamızı beynəlxalq aləmdə ildən-ilə möhkəmləndirir və ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi formalaşması və inkişafı ilə bağlı bütün istiqamətlər üzrə həyata keçirdiyi çoxşaxəli analitik düşüncəyə və uzaqgörən zəkaya malik bir şəxsiyyət olduğunu sübut edir. Bu gün Azərbaycanın inkişafın hansı səviyyəsində olduğunu, neft-qaz siyasətinin uğurlarını düzgün dəyərləndirmək üçün iqtisadi rəqəmlərə diqqət yetirmək kifayətdir. Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev son on ildə iqtisadiyyatın şaxələndirilməsini prioritet məsələ kimi qarşıya qoydu.
Bütün fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun, zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar dağ kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması naminə inamlı addımlar atır. Uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır
Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.
Ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı və dayanaqlı inkişafının təmin edilməsinin əsasını təşkil edən Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin müstəqil inkişaf strategiyasının dəqiqliklə hazırlanması və ölkə Prezidenti İlham Əliyevin bu kursu tam və uğurla davam etdirməsi ölkə iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının məsləhətçisi.