Şair publisist Nizami Qərib:”Qalmayıb”…VİDEO

 

               QALMAYIB

Saçımı ağartdı dərdim, kədərim,
Məni ovutmağa bir kəs qalmayıb.
Yad oldu dost-tanış, bacı-qardaş da,
Daha yaşamağa həvəs qalmayıb.

Kimlərdən borc alım səbri, dözümü?
Üfürür doğmalar sönən közümü.
İndi ağlamağa özüm-özümü,
Nə avaz qalmayıb, nə səs qalmayıb.

Evini qurduğum evimi yıxır,
Könlünü aldığım könlümü sıxır.
Hər gün üsyan edib sinəmdən çıxır,
Məhkum ürəyimə qəfəs qalmayıb.

Nizami Qərib.
24.06.2023.

QƏLBİMDƏN KEÇƏNİ DUYA BİLSƏYDİN

Qəlbimdən keçəni kaş ki, duyardın,
Səni sevdiyimi onda bilərdin.
Məni məndə deyil, səni də səndə,
İki ürəyi bir canda bilərdin.

Arzuların fəsli bahar olardı,
Gül-çiçək bəzərdi biz gedən yolu.
Vüsal yollarını əzbərlədikcə,
Unudaq ayrılıq öyrədən yolu.

Sənli ümidlərim param-parçadı,
Dərdlər dağa dönüb içimdə mənim.
Ömür karvanımın ünvanı bəlli,
Həsrət yükü gedir köçümdə mənim.

Qəlbimdən keçəni kaş ki, duyardın,
Bu həyat cənnətə dönərdi, Vallah.
Sevgimiz cahana şəfəq salsaydı,
Zülmətin sevgisi sönərdi, Vallah.

Çəkilsə göylərdən qara buludlar,
Bulanlıq bulaqlar durulmazdımı?
Qəlbimdən keçəni duya bilsəydin,
Kədər təngə gəlib yorulmazdımı?

Nizami Qərib.
21.06.2023.

QƏLBİNDƏ ZƏRRƏCƏ MƏRHƏMƏT VARSA

Gedən ömrümüzdü, vaxt-zaman deyil,
Uca könlümüzdü, asiman deyil.
İnsan haqsızlığa göz yuman deyil,
Qəlbində zərrəcə mərhəmət varsa.

Dəmir də çürüyür, sərt ola bilər,
Polad əyiləndə dərd ola bilər.
Namərd də nə vaxtsa mərd ola bilər,
Qəlbində zərrəcə mərhəmət varsa.

Dünya kimə həyat, kiminə məzar,
Alanla satanı qatır bu bazar.
Şair gördüyünü əksiksiz yazar,
Qəlbində zərrəcə mərhəmət varsa.

Yaxşını yamantək görmə, ay Qərib,
Haqqın olmayanı dərmə, ay Qərib,
Ruhunu şeytana vermə, ay Qərib,
Qəlbində zərrəcə mərhəmət varsa…

Nizami Qərib
29.06.2023