Ruslan Mustafayev:”Dünəndən sabaha”… FOTO
“Mən elə bir yer istərəm…”
Mən elə bir yer istərəm
bu dünyada,
Orda riya, kin boğulsun
Haqqın dəmir əlləriylə.
Orda vəfa göylərindən
İnam yağsın, sülh doğulsun
Günəş kimi sarsın bizi telləriylə.
Mən elə bir yer istərəm
bu dünyada
dilbilməzlər dilə gəlib haqqı desin.
Mən elə bir yer istərəm
bu dünyada
Məsum çocuq ayaq altda inləməsin.
Mən elə bir yer istərəm
bu dünyada
Bülbüllərin şən nəğməsi valeh etsin
hər an bizi.
Mən elə bir yer istərəm
bu dünyada
qarğaların qarıltısı aparmasın
beynimizi.
Mən elə bir yer istərəm
bu dünyada
Yaxşı pisə qarışmasın.
Mən elə bir yer istərəm
bu dünyada
İnsan baxıb insanların arxasıyca
danışmasın.
Mən elə bir yer istərəm
bu dünyada
Dargözlüyün, xəbisliyin evi yansın
külə dönsün.
Orda küllər gülə dönsün.
Mən elə bir yer istərəm
bu dünyada
Mənəviyyat zənginləri əsəbindən
dil-dodağın çeynəməsin.
Mən elə bir yer istərəm
bu dünyada
Gözlərimiz yaşarmasın,
qəlblərimiz göynəməsin.
Mən elə bir yer istərəm
bu dünyada
Qoy orada
barış olsun, vəhdət olsun.
Mən elə bir yer istərəm
bu dünyada
Kaş orada
Böyüklərə hörmət olsun.
Mən elə bir yer istərəm
bu dünyada
Ah… Orada
sevgi olsun, şəfqət olsun.
Mən elə bir şey istərəm –
Bu dünyamız
başdan-başa cənnət olsun…
Mən, deyəsən, çox istədim
bəlkə, bir az az istəyim.
Mənə bəsdir az istəyim.
Bağışlayın, mən, deyəsən, yuxu gördüm.
Açdım artıq gözlərimi, yoxu gördüm!!!
25.05.2022
“Ölmüş arzular”
Görəsən, nə üçün yaşayırıq biz?
Yorur düşüncələr, duyğular bizi.
Həvəsdən düşməyib yaşayaq deyə
Çəkir ağuşuna arzular bizi…
Arzular sonsuzdur, arzular əngin.
Sən demə, arzudan arzu doğarmış.
Bəlkə, mindən biri hasil olmadan
Üz-gözün qırışmış, saçlar ağarmış…
Bəlkə, ağarmadan saçın tökülmüş,
Bəlkə, yaşlaşmadan qocalmısan sən.
Nə tez rəngin solmuş, belin bükülmüş?
Yoxsa, bir cavabsız sualmısan sən?!
Görkəmin arzunla uyuşmur qəti,
Burda bir təzad var, bilmirəm nədən.
İlk arzun həyata keçməmiş hələ…
Sonuncu arzunun hayındasan sən.
Sonuncu arzun da ölümmüş, demə
Sən axı nə yatdın, nə yuxu gördün?
Ömrünə bircə yaz qismət olmadı…
Sən ancaq sərt qışı, soyuğu gördün.
Demək, zaman səni əsir götürmüş
Sonra da buraxmış ölüm çənginə.
Bütün arzuların puç olmuş, demə
Bircə ümid qalımış əcəl zənginə!
Əcəl də yetişdi, yıxıldın, öldün.
Ölüm də var idi arzularında,
Bircə bu arzuna çatdın, çox heyif
Səninlə bir öldü arzuların da…
Sən demə, arzu da sonsuz deyilmiş,
Onun da əvvəli, həm sonu varmış.
O da insanla bir yaşayar, ölər,
Əvvəli beşikmiş, sonu məzarmış!!!
22.03.2021
“Dünəndən sabaha”
Aç gözünü bir anlıq təbiəti seyr elə,
Dağlar öz yerindədir, axıb gedən sulardır.
Təbiətin qanunu olmuş əzəldən belə
Keçmiş xatirələrdir, gələcək arzulardır.
İnsan durduğu yerdən gah keçmişə boylanır,
Düşünür ki, çox heyif, dünən dünəndə qaldı.
Gah da baxır sabaha, yanır qəlbi, odlanır.
O güc nə səndə qaldı, o güc nə məndə qaldı.
Zəmanənin gərdişi fırlandıqca çarx kimi,
İnsan oğlu yaşlaşır, qayalaşır, daşlaşır.
Ömrü axır çay kimi, günlər ötür arx kimi
Heç özü də bilmədən özündən uzaqlaşır.
Hara gedir bu insan, bilinmir son mənzili,
Amma gedir, hey gedir, dayanmadan hey gedir.
İndi həyat ritminə sən bəmi tut, mən zili
Onsuz, yazıq insanın əlindən hər şey gedir…
Bircə qalan insana ötən xatirələrdir,
Gələn günlər risklidir, gələn günlər ehtimal…
İnsanı insan edən düşünsən ki, nələrdir?
Onun gördüyü işlər, bir də müqəddəs amal…
Biz dünənlə sabahın arasında qalmışıq,
Getməliyik sabaha dünəni unutmadan.
Bu gün hələ cavanıq, bu gün çox qocalmışıq
Sabaha boylanmadan, dünənə qayıtmadan…
Ruslan Mustafayev 14.03.2021