Nizami Qərib:” İnsanlıq düşür”… VİDEO

            İNSANLIQ DÜŞÜR

Qaynayır gözümdə dərdin bulağı,
Üzümdən axdıqca insanlıq düşür.
Hər sabah zamanın nərdivanından,
İnsanlar qalxdıqca, insanlıq düşür.

Dualar oxuyub şeytan zatına,
Minmişik yüyənsiz tamah atına.
Yerdən addım-addım Allah qatına,
Fəryadlar çıxdıqca, insanlıq düşür.

Qərib, yola saldıq boşa illəri,
Soldurduq gör neçə qönçə gülləri.
Dolanıb boynuna şərin əlləri,
Ürəyi sıxdıqca insanlıq düşür.

                 DÖNƏCƏM

Göz yaşımdan buludlara yol çəkdim,
Vətənimə gilə-gilə dönəcəm.
Göyçəm deyib çox ağladım qürbətdə,
Gün gələcək gülə-gülə dönəcəm.

Aylar, illər bir-biriylə ötüşüb,
Mən gəldiyim cığırlara şeh düşüb.
Yol üstündə el-obamla görüşüb,
Sevincimi bölə-bölə dönəcəm.

Ümidlərim nə arzudur, nə xəyal,
Mən çəkəni gözəl bilir əhli-hal.
Öldürsə də, Nizamini bu vüsal,
Əcəlimə bilə-bilə dönəcəm.

 

                BİR DƏ

Elə uçurmusan, elə yıxmısan,
Ürəyim çətin ki, qurula bir də.
Gedəndə geridə iz qoymadın ki,
Gözlərim yolunda yorula bir də.

Düşdü saçlarıma dən, istəmədin,
Ömrümü ömrünə tən istəmədin,
Sən razı olmadın, sən istəmədin,
Qollarım boynuna sarıla bir də.

Daha hisslərimə qıyan deyiləm,
Saxta gülüşünə uyan deyiləm,
Sədd çəkib qəlbimə qoyan deyiləm,
Həsrətin oxuyla vurula bir də.

 

Nizami Qərib.
03.02.2023.