Hüquqşünas şair Ədalət Əroğlu: ” Lal oldum”…
LAL OLDUM
“Romantik şair ol, şeir yaz” -dedin,
Elə bil sən mənə qəbir qaz dedin.
Eşqi-məhəbbətdən sən də yaz dedin,
Dayanıb lal oldum, bir qaya kimi.
De mənə, hardayam, o yurdum harda?
Qalmışam ocaqsız, boranda, qarda.
Bəs sən bilmirsən ki, Vətənim darda?
Dayanıb lal oldum, bir qaya kimi.
Şəhid qatındadır mənim bu yurdum,
Tapdaq altındadır mənim o yurdum,
Dərdimi öz niskilimlə yoğurdum.
Dayanıb lal oldum, bir qaya kimi.
Dağlarda uçuşur qara qarğalar,
Qoynunda gəzişir indi dığalar,
Qəlbimimin yarası haçan sağalar?
Dayanıb lal oldum, bir qaya kimi.
Əsirlikdə qalıb neçə insanlar?
Zülmət gecələr də yatmır o canlar,
Səsinə səs verə bilmədim, dağlar,
Dayanıb lal oldum, bir qaya kimi.
İzzətoğlu, doğma yurdu unutma,
Söz deyən dilini əsla qurutma,
Vətənin yasını sakitcə tutma,
Dayanıb lal oldum, bir qaya kimi.
ÇIXAR…
Özgənin malında gözün qalmasın,
Vaxt gələr qazancın gözündən çıxar…
Verdiyin nəsihət ürəkdən gəlsə,
Səhvini deyərsən, özündən çıxar…
Alışan bir alov yandırıb, tökər,
Ocağın istisi közündən çıxar…
Hirsli başla heç bir işə başlama,
Səbrin də lap coşub dözümdən çıxar…
Haqqını yeməyin yetim-yesirin,
Ədalət səs salar, söz ündən çıxar…
ŞƏHİDLİK ZİRVƏSİ
Baş sağlığı verdik sizə, o gecə,
Ayrıldı bədəndən ruhunuz necə?
Qorxmadınız oddan, alovdan necə…
Şəhidlik zirvəniz dönmədi heçə.
Qan ilə yazdınız əbədi yaddaş,
Sizə yandırıldı o məşəl, atəş,
Azadlıq yolunda əyilmədi baş,
Şəhidlik zirvəniz dönmədi heçə.
Bakının dərdi var, Bakı qan ağlar,
Görünən mənzərə ürəyi dağlar,
Qana bülənibdi çiçəkli bağlar,
Şəhidlik zirvəniz dönmədi heçə.
Mənim əziz Bakım, boyandı nə var,
Şəhidlər qanıyla boyandı diyar,
Xəyallar dolaşır diyarba-diyar,
Şəhidlik zirvəniz dönmədi heçə.
Ruhları vətəndə gəzən Şəhidlər,
Qərənfil yağışda üzən Şəhidlər,
Əbədi həyata köçən Şəhidlər,
Şəhidlik zirvəniz dönmədi heçə.
Bu il də qərənfil səpdik üstünə,
Baş əydik məşələ, yanan büstünə,
Əroğlu da yanır ocaq-tüstünə,
Şəhidlik zirvəniz dönmədi heçə.
QAFAROV ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU)
Hüquqşünas, Şair
AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ (AJB),
“Qızıl Qələm” Media Mükafatı Laureatı,