Şair publisist Nizami Qərib:”Köhnə kişilər”…FOTO – VİDEO

 

KÖHNƏ KİŞİLƏR

Bir kəlmə sözünlə qan yatırardı,
Sözü gəzdirməzdi köhnə kişilər.
Canından keçərdi ər meydanında,
Haqqı əzdirməzdi köhnə kişilər.

Bircə nərəsinə nər titrəyərdi,
Böhtan titrəyərdi, şər titrəyərdi,
Şimşək baxışında yer titrəyərdi,
Gözü süzdürməzdi köhnə kişilər.

Üzünün nurunda sabah olardı,
Qapısı yoxsula pənah olardı,
Kəmərdə bəzəyi silah olardı,
Daş-qaş düzdürməzdi köhnə kişilər.

07.01.2023.

               ŞEYTANIN

Ucaldıqca nəfsimizlə, qalıbdır
Yanımızda boyu bəstə şeytanın.
Özümüzə dərd-bəlayıq sadəcə,
Əlacıyıq qəlbi xəstə şeytanın.

Çox bərkidik, qaya olduq, daş olduq.
Soyuqlaşdıq, şaxta olduq, qış olduq.
Sevə-sevə, gülə-gülə qoşulduq,
Qoşununa dəstə-dəstə şeytanın.

Böhtan atdı, şər danışdı dilimiz,
Yalanlara tez alışdı dilimiz.
Həqiqətlə halallaşdı dilimiz,
Basdırıldı dili üstə şeytanın.

09.01.2023.

Şair publisist Nizami Qərib