Fəxrəddin Teyyub: “Əlimdə gül açır Tanrı ətəyi”… VİDEO

   

    Əlimdə gül açır Tanrı ətəyi

Ruhumun məlhəmi, bəlkə səsində,
Baharın ətri var, adında, gözəl!
Ömrün bu vaxtında, bu vədəsində,
Nolar, saxla məni yadında, gözəl!

Sevginin işindən baş açmaq olmur,
Məhəbbət su içə gərək ürəkdən.
İşıq saçmaq olmur, nur saçmaq olmur,
Odunu almasa ürək ürəkdən.

Əlimdə gül açır Tanrı ətəyi,
Təzə- tər sevgidən halım pərişan.
Karıma gəlmədi arım, pətəyim,
Ağac koğuşunda balım pərişan.

Hər gülün, çiçəyin öz yaraşığı,
Gözümüz görməsin dərdi, azarı.
Bizə bəs eləməz Ayın işığı,
Əlini ver, gedək Günəşə sarı.

12, 12. 2022.

 

Bu da bir payız.

Ağac budağında solan yarpağam,
Məni qoparacaq payız küləyi.
Mən yarı adamam, yarı torpağam,
Gör necə ələndi ömrün ələyi.

Bu talan payızda, nə haqq gəzirəm?
Qayğısı ayrıdı, varın, yoxun da.
Qara saçlarımı nahaq gəzirəm,
Qalıb həsrətimin girovluğunda.

Ağacın boynuna sarılıb sükut,
Hamilə budağı bar əyir, nədi?
Niyə üz- gözünü turşudub bulud?
Yağışın haqqını istəyir, nədi?

Hər xəzəl, dərdləri gətirən gəmi,
Üşütmə ruhumu ayaz, nə olar.
Hardan gətirirsən bu qədər qəmi?
Məndən aralı dur payız, nə olar.

22. 11. 2022

Sevgim polad kimi, dəmir kimidi.

Nə deyim sacıma yağan qarıma?
Hardan biləydim ki, sazağım gəlir.
Heyif hisslərimə, duyğularıma,
Sevgimə, ruhuma yazığım gəlir.

Şəklinin işığı, hər anım üstə.
Xətrimə dəyəndə, dondum yerimdə.
Tökdüm göz yaşımı gümanım üstə,
Cilik- cilik oldu, ümidlərim də.

Sevgim polad kimi, dəmir kimidi,
Nisgili vüsalla yu, aparaçaq.
Sən demə məhəbbət xəmir kimidi,
Bilmirsən nə qədər su aparaçaq.

Düşübdü yoluma həsrətin cəni.
Neçə gözlərini unudum indi?
Yol tapa bilmirəm qəlbinə sənin,
Yenə də həsrətə üz tutum indi?

11. 11. 2022

Fəxrəddin Teyyub – Media.info. az