Hüquqşünas şair Ədalət Əroğlu – Yeni şeirlər…


             İGİD ƏSGƏR

İgid Əsgər, hazır ol, gedən davaya,
Üçrəngli bayrağı qaldır havaya,
Vətənin yolunda sən məğrur dayan,
Dünya da göz yumur qopan ah-vaya.

Düşmən hiyləsilə getməyək bada,
Bir qarış torpağı verməyək yada,
Vətən əsgərimə dəyməsin qada,
Dünya da göz yumur qopan ah-vaya.

İgidim hazır ol, Qələbə çalaq,
Düşmənim kimdir ki, biz də alçalaq,
Millətlər içində biz də Ucalaq,
Dünya da göz yumur qopan ah-vaya.

Vətənim bölünüb, paramparçadır,
Qarabağ vətəndə “Qara xalçadır”
Düşmən əsirləri yaman alçaldır,
Dünya da göz yumur qopan ah-vaya.

İgidim, Vətəndən qalma intizar,
Düşmənə birlikdə qazaq biz məzar,
Vətənim olacaq yenə gülizar,
İzzətoğlu dözməz gələn ah-vaya.
Dünya da göz yumur qopan ah-vaya.

Allah bütün Əsgər və Zabitlərimizi qorusun.

***

YURDSUZ GÜNLƏRIMƏ DE NECƏ DÖZÜM?
Vətən yurdlarımız dağılıb, Fələk,
Sinəmdə döyünmür, artıq bu ürək,
Saçım da ağardı, dərdimdən, Fələk,
Yurdsuz günlərimə de necə dözüm?
***
Yurdumda düşmənlər gəzirlər qoşa,
İblis simasında, çəkiblər qaşa,
Şərab piyaləsin çəkiblər başa,
Düşüblər canına, yurdlarımızın.
***
Dağıdıb yurdumu, çatıbdır daşa,
Xan Çinar düşmənlə qalıb baş-başa,
Verməyir sirrini, satqın sirdaşa,
Çinarın halına mən necə dözüm?
***
Edirik bu gərdişə niyə tamaşa?
Səbrim də qalmayıb, dosta, qardaşa,
Düşmənə atəşlə deyək birbaşa!
Yurdsuz günlərimə de necə dözüm?
***
İçimə dolubdur fırtına, külək,
Şəhid qanı yerdə qalmasın gərək,
Düşmənin nəfəsin yerində kəsək,
Ana ağısına mən necə dözüm?
***
Ədalətəm, yurdumdur mənim gözüm,
Əsir qalmış yurda neçə il dözüm?
Sağalmayıb yaram, sönməyib közüm,
Yurdsuz günlərimə de necə dözüm?

***
QARABAĞDAN İLHAM ALAQ

Qarabağdan gələn sular,
Bizə kədər gətirmişdir.
Səmalarda da uçan quşlar,
Canlı xəbər gətirmişdir.

Xəbər verir o ellərdən,
Bizsiz qalmış o çöllərdən.
Dağıdılmış o evlərdən,
Qəza-qədər, gətirmişdir.

Yurdlarımız darma-dağın,
Orda qalıb solmuş bağım.
Yurdda sönüb o çırağım,
Bəlanı şər gətimişdir.

Bulud olub göyə qalxaq,
Şimşək olub göydə çaxaq.
Göz götürüb yurda baxaq,
Düşmən zəhər gətirmişdir.

Dayanmayın ey oğullar,
Qartal kimi zirvəyə qalx.
Oxumayaq biz nağıllar,
Susmaq qəhər gətirmişdir.

Düşmənləri yurddan qovaq,
O yerlərdə bağlar salaq.
Ədalətə mehman olub,
Qarabağdan ilham alaq.

***

DEMƏYİN Kİ, UDUZUB AZƏRBAYCAN

Vətənim, Odlar Yurdu Azərbaycan,
Vətənimdə yaşayan, hər millətə can.
Bəzi millətlər isə, deyir qan-qan,
Deməyin ki, uduzub Azərbaycan.

Mənfur yağı düşmən, heç də coşma,
Dədəm Qorqud torpağında gəl çaşma.
Babək, Şah İsmayıl yurduna aşma,
Deməyin ki, uduzub Azərbaycan.

Bilirik düşmənin xislətini,
Çəkir insanlar düşmən zillətini.
Axıdır günahsız qanlar selini,
Deməyin ki, uduzub Azərbaycan.

Sevirəm yurdumu, həm millətimi,
Ədalətəm, edirəm xidmətimi.
Bilirik düşmənin pis niyyətini,
Deməyin ki, uduzub Azərbaycan.

YA RƏBBİM, ATAMI QORU

Atamla görüşə qaçdım,
Dinləyib sözün, alışdım,
Xəyalən, mən dağlar aşdım.
Görən hara gedir dövran?

Yaman kövrəlmişdi, atam.
Dedi, yurdsuz qaldıq, balam.
Yurddan köçüb, elim, obam,
Görən hara gedir dövran?

O yerlərdə, yurd salmışam,
Artıq indi, qocalmışam.
Az-çox, həyat yaşamışam,
Görən hara gedir dövran?

Vətən yurdum alınmadı,
Məndə artıq, can qalmadı.
Hayıf, mən deyən olmadı,
Görən hara gedir dövran?

Ədaləti boğdu bu qəm,
Dəsmalı da islanıb nəm.
İstəyirəm, indi deyəm,
Görən hara gedir dövran?