Püstə Rəvan:”Şəhid ucalığı”…

ŞƏHİD UCALIĞI

I HİSSƏ

Vətən sənsən, Vətən mənəm, Vətən biz,
Nə sən varsan, nə mən varan Vətənsiz!

Vətəni olmayan yaşamaqdan da mərhumdur deyib müdriklərimiz. Vətən bütün bəşəriyyətin azadlığı, haqq-ədalətin qəti qələbəsi deməkdir. Səndən, məndən, bizdən başlanan Vətənin bir parça daşı adlanmağa layiq olan övladları xalqımızın azadlıq mübarizəsinə qalxdığı çağlarda vətəndaşlıq səbatını göstərməlidir. Çünki yağılar vəhşiliklə torpaqlarımızı işğal edib, amansız faciələr törədiblər. Ağla sığmayan, xəyala gəlməyən xəyanətlərə nərbiləkli, şirürəkli, qayadöşlü ərənlərimiz dözməyib, Vətəni qorumaq üçün cəng savaşına qalxıblar.
Hər gün efirdən eşitdiyimiz tanrı dualarında deyildiyi kimi “Oğul dediyin düşmən toxmağıdı. Ağac meyvəsiylə tanınar, Vətən övladlarıyla. Tanrı dağlarından Qaf dağlarınacan bayraqlarımızın yeri görünür. Önə bax! Sən işıqdan, torpaqdan, havadan, sudan yaranmısan. Onları duy və uğrunda ölməyə hazır ol oğul!” Su, od, torpaq, hava -Vətəndi.
Ana Vətəni qoru oğul! İndi iftixarla xatırladığımız Həbib Qurbanov da qəlbindəki milli yanğı, torpaq sevgisi ilə Ana Vətəni qorumağa getdi. Getdi bir daha geriyə, doğmalarının yanına qayıda bilmədi. Nəsibi çətin məhv olunan əzəmətli, möhtəşəm şəhidlik zirvəsindən boylanmaq səadəti oldu. Fəqət zamanlaşıb, tarixləşib, əbədiləşib ürəklərə, diləklərə, əsərlərə, əsrlərə köşdü Həbib!
Müdriklərin dediyinə görə köhnə yara illər ötdükcə sağalır, unudulur. Lakin Həbibin həsrəti ilə yaşaya-yaşaya nəin ki, bu yara sağalır, əksinə vaxt-zaman keçdikcə elə bil daha da dərinləşir, daha çox yandırıb-yaxır Surə ananın və onu və onu çəkib mənimlə görüşə gətirən elə bu yanğı idi. Həmin gün adını daşıyan Uşaq Gənclər İdman məktəbində Həbib Qurbanovun xatirə turnirinə gələn Tahir ata və Surə ana yollarını mənim yanımdan salmışdılar. Şəhidlər haqqında yazdığımı bilib Həbibin keçdiyi həyat yolundan məlumat vermək gəlmişdilər. Tahir ata səbirlə, təmkinlə söhbət etsə də Surə ana yana-yana ağlayırdı, ürək parçalayan hönkürtü ilə Həbibin acı taleyindən danışırdı. ” İlk övladımız idi Həbib. Elə mehriban, elə istiqanlı idi ki, Gündə neçə dəfə boynuma sarılıb üzümdən öpərdi. Stulda və ya divanda yanaşı oturanda da qolu çiynimdə olardı. Elə qəribsəmişəm, elə həsrətindəyəm ki,o qolların”. İlkim-mülkim dediyi Həbibin bir günlük ayrılığına dözə bilməyən Surə ana oğul dərdindən daxilən qocalsa da bəlkədə bütün şəhid analarının ən cavanıdı. Bəlkədə onu daha çox ağrıdan, daha çox ağrıdan, daha çox sarsıdan cavan yaşların da qocalmağa vadar edən də, döyüş bölgəsində oğlunun nəşini öz gözləri ilə görməsidir.
Qışın sazaqlı günlərindən biri idi. Tahir ata və Sura ana hər cür tədarük hazırlaylb Həbibi görmək sevinci ilə hərbi hissəyə yola düşdülər. Həm narahat idi, həm də sevinirdi ana. Narahat idi ki, yol uzandiqca-uzanırdı, bitib-tükənmək bilmirdi. Sevinirdi ona görə ki ciyərparasının görüşünə gedirdi. Tezliklə bölməyə çatıb oğlunu bağrına basmaq, apardığı isti yeməkdən onu doyunca yedirtməyə tələsirdi. Tələsirdi, ancaq sən saydığını say, gör zalım fələk nə sayır. Dərdin böyüklüyünə bir baxın.

II HİSSƏ

Səbirsizliklə övladının görüşünü gözləyən, onu bütün varlığıyla görməyə can atan ata və ana Həbibin qana bulaşmış nəşi ilə rastlaşırlar. Surə ana dağı-daşı əridən “ah” fəryadı ilə “Can bala, o dəhşətli səhnəni hər gün görürəm. Onun topuqdan aşağı üzülən ayağının qanına bulaşan nəşi gözlərimə, baxışlarıma hopub” – deyir.
1994 cü il fevral ayının 11 də Şişqayanın aşağı Veysəlli kəndini erməni işğalçılarından mühafizə edərkən bütün qüvvələr səfərbər edilsə də kəndi əldə saxlamaq mümkün olmamış, güclü müqavimətlə raslaşaraq əsgərlərimiz çoxlu itki vermişdi. Həmin gün Həbib də düşmən gülləsinin nişangahı oldu. Namərd düşmən onu sağ ayağından yaralamışdı. Çox təəssüflə demək lazımdır ki, ona yüngül tibbi yardım belə göstərən tapılmamışdı. Vaxtında qan itkisinin qarşısını almaq üçün əgər ayağı möhkəm sıxılıb sarınsaydı yəqin ki, Həbib sağ-salamat qalar və yenə də döyüş mövqeyində olardı. Yaralı ayağının qanını kəsmək məqsədi ilə Həbib özü boynunun ağılı açıb ayağını sarımış, ancaq taqətsizlikdən onu sıxmağa gücü çatmamışdı. Qanla, ölümlə saatlarla çarpışsa da belə asanlıqla təslim olmaq istəmirdi Həbib. Axı necə təslim olaydı. Nə yaşamışdı ki, cəmi 19 il. Ancaq çox qısa ömür sürsə də şərəfli bir yol keçdi, şəhid oğlum. Sənə tuşlanan güllə hər birimizin ürəyindən keçdi vəhəmişə sizlayan, göynəyən, qəlbimizdə dağa çevrilən yaraya döndü.
İndi Surə ananın səssiz-səmirsiz yuxularına gəlir Həbib. Ana qəhərdən boğula-boğula çoxdan qəddi-qamətinə həsrət qaldığı övladına yalvarır ki, yenə əvvəlki kimi boynuma sarıl oğul! Həbibsə necə sakit gəlmişdisə, eləcə də qeyb olub gözdən itir.
Tahir ata dərdini gizlətməyə çalışsa da baxışlarından süzülən övlad həsrətini gizlədə bilmir: “Mən, Natiq, Namiq birtəhər dözürük, anası tab gətirmir, heç nəylə təskinlik tapmır, ev-eşiyə sığmır…” -deyir. Nitqi tutulur atanın, sözü yarımçıq kəsilir, titrəyir bütün vicudu… Bilirəm Surə ana oğul dağı ağır dərddir. Axı necə daşıyasan bu yükü, necə tab gətirəsən bu dərdə? Axı sən də bütün anakar kimi oğul toyu görmək, boynuna xalat dolamaq arzusuyla yaşayırdı. Axı buna sənin analıq hüququn var idi. Aldılar bu haqqı, qırdılar bu inamı, dondurdular bu arzunu ananın qəlbində. Kaş haqq-ədaləti bərqərar edən, xeyri –  şərdən, ağı – qaradan ayıran elə bir qanun olaydı ki, balasını itirmiş ananı ovudaydı. Elə qanun ki, Surə anaya Həbib həsrətini bir anlıq da olsa unutdura biləydi.
Oğul dərdi belini əysə də düzəlt qamətini Tahir ata, bükmə boynunu Surə ana! Çünki Həbib yaşadığı 19 ildən sonra təkcə sizin əziziniz, fəxriniz, güvənciniz yox, boya-başa çatdığı Babazannının, bütün el-obanın əzizidir və qədirbilən xalqımız indi onun müqəddəs ruhu qarşısında baş əyir, məzarını hörmətlə ziyarət edur. Mən isə öz növbəmdə Həbibin göz yaşı yaraşmayan anasına üzümü tutub ağlamamağı tövsiyyə edirəm.

Ağlama, sən Allah, ana ağlama,
Yaralı qəlbləri belə dağlama.
Həbibtək bir övlad böyütdüyünçün,
Başını uca tut matəm saxlama.

Mən şəhid olmuş Həbibə Allahdan rəhmət  diləyirəm.
Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Analara səbr versin. Amin


PÜSTƏ RƏVAN-şair publisist