Şair publisist Nizami Qəribin söz dünyasından… FOTO

                  KEÇDİ

Dünən seyr elədim “Bala Göyçəmi”
Uşaqlıq illərim gözümdən keçdi.
Dilim çat-çat oldu səhralar kimi,
Dərdim karvan olub sözümdən keçdi.

Saxla xatirəmi sən, ey kəndimiz,
Qalıbmı dərəndə çən, ey kəndimiz?
Adını çəkəndə Güney kəndimiz,
Göz yaşım sel olub üzümdən keçdi.

Hanı, ay Nizami, o haçaqaya?
Yoxsa gördüklərin şirin bir röya?
Nə vaxtsa alışıb yansa bu dünya,
Bilin ki, qığılcım közümdən keçdi.

 

                BİLİRLƏR

Gör hansı zamana gəlmişik, Allah,
Yaxşılıq edirsən, yaman bilirlər.
Vicdanı pul üçün satıb nəfsinə,
Sonra günahkarı zaman bilirlər.

Dünya bazar olub alıb-satana,
Sərvəti üstünə sərvət qatana.
İlahi, insan var dönüb şeytana,
Şər-böhtan atmağı iman bilirlər.

Ümidlər üşüyür qarın içində,
İnsanlıq boğulur arın içində.
Namərdin yolunu nurun içində,
Qərib, mərd yolunu duman bilirlər.

 

                GÖRDÜM

Dünyada varlını taxtı-taracda,
Kasıbı əzilib, döyülən gördüm.
Allah qarşısında diz çökməyəni,
Pula səcdə edib əyilən gördüm.

Ürək sarayını yandırana bax,
Qönçə ümidləri dondurana bax,
Mərdi qova-qova sındırana bax,
Namərdi şövq ilə öyülən gördüm.

İnsanlar gətirir şeytana iman,
Qəlblərdə möhür var, gözlərdə duman.
Nahaqq uca səslə deyilən zaman,
Haqqı pıçıltıyla deyilən gördüm.

Nizami Qərib.