Şair publisist Nizami Qərib:” Məqamı göylərdən uca Şəhidlər”…
Şairan publisist Nizami -Qərib – “Allah cəmi Şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.Allah cəmi qazilərimizə uzun ömür can sağlığı nəsib eləsin.”
ŞƏHİDƏM
Keçilməz yollardan keçib Şuşaya,
Dağlarda izimi salan Şəhidəm!
Qanlı Xocalının, viran Ağdamın,
Düşməndən qisasın alan Şəhidəm!
Türk oğlu hər zaman haqq sözü deyib,
Baxışı yağının qəddini əyib.
Sinəmi Vətənə sipər eyləyib,
Ölümün üzünə gülən Şəhidəm.
Zəfər tarixinə anlam gətirib,
Dillərə müqəddəs kəlam gətirib,
Cənnətdən bir qucaq salam gətirib,
Öz anım gününə gələn Şəhidəm!
Qoy xalqım var olub, abad yaşasın!
Ocağım yaşasın, odum yaşasın!
Mən Şəhid oldum ki, adım yaşasın,
Adım unudulsa ölən Şəhidəm.
ŞƏHİDLƏR
Məsum mələklərlə qoşa adınız,
Düşmən niyyətinə məzar qazdınız.
Siz tarix dəyişdiz, tarix yazdınız,
Məqamı göylərdən uca Şəhidlər…
Həsrətlə yaşadıq gör neçə ildi,
Əzminiz işğalçı izləri sildi.
Ər kimi döyüşdüz, düşmən yenildi.
Məqamı göylərdən uca Şəhidlər…
Vətənin açılan sabahısız siz,
Millətin ümidi, pənahısız siz,
Bu xalqın and yeri, qibləgahı siz,
Məqamı göylərdən uca Şəhidlər…
Ötüb dəyişsə də, fəsillər, illər,
Tökür göz yaşını tər qərənfillər.
Sizləri unutmaz gələn nəsillər.
Məqamı göylərdən uca Şəhidlər.
Sınmaz vüqarınız dağ vüqarıdır,
Bu elin, obanın iftixarıdır.
Adınız Vətənin dövlət-varıdır,
Məqamı göylərdən uca Şəhidlər.
Yüksəltdiz Vətəndə zəfər tacını,
Məzlum körpələrin aldız öcünü.
Göstərdiz dünyaya Türkün gücünü,
Məqamı göylərdən uca Şəhidlər.
Düşmən bayrağını torpağa saldız,
Şuşada, Laçında qana qan aldız.
Qəlblərdə taxt qurduz, hər an ucaldız,
Məqamı göylərdən uca Şəhidlər.
ŞƏHİDLƏR.
Vətənin adını, uca tutdunuz,
Tarix adınızı silməz, şəhidlər.
Elə bir məqama, gedib çatdınız,
Qürurlu, yenilməz, ölməz şəhidlər.
Bayrağa qatıbdır, qanınız rəngi,
“Şikəstə” bəs edər, çaldıraq cəngi.”
Bir əlində Quran, birində süngü,
Qorxunu tanımaz, bilməz şəhidlər.
Xalqın qan yaddaşı, tarixi, sizsiz.
Günəşdən süzülən işığı, sizsiz.
Yaşlısı, cavanı, uşağı sizsiz,
Azadlıq yolundan, dönməz şəhidlər.
İyirmisi yanvarda, bir tarix yazdız,
Qan ilə qar üstə, dür tarix yazdız.
Ocaq tarix yazdız, pir tarix yazdız,
Məşəli əbədi, sönməz şəhidlər.
Halaldır südünüz, pakdır zatınız,
Yeddinci qatdadır, sizin qatınız.
Nə qədər yaşayır, Şəhid adınız,
Düşmənin ürəyi gülməz, şəhidlər.
Nizami Qərib