Nizami Qəribin söz dünyasından… VİDEO
BİLMƏZ
Namərdə inanıb sirrini vermə,
Namərddir, çevrilib ər ola bilməz.
Dəmirə bəzək vur, adı dəyişib,
Qızıl ola bilməz, zər ola bilməz.
Yüz dəfə tülkünün dərisini soy,
Yenə də yalanlar deyəcək boy-boy.
Eşşəyin belinə zirvəli dağ qoy,
Adı ki, eşşəkdi, nər ola bilməz.
Damarda dövr edən qanını versən,
Zamanını versən, anını versən,
Nizami, yolunda canını versən,
Bivəfa gözəldən yar ola bilməz.
AY QARA GÖZLÜM
Allahdan ömrümə naxış istədim,
Səni mənə verdi pay, qara gözlüm.
Səni tanıdığım o gündən oldun,
Qaranlıq gecəmə ay, qara gözlüm.
Sən məni ucaldan şöhrət-şanımsan,
Ürəkdə ürəyim, canda canımsan,
Payız taleyimdə bahar xanımsan,
Şaxtalı qışıma yay qara gözlüm.
Ən şirin kəlməsən sözümdə mənim,
Özümdən böyüksən özümdə mənim,
Sənsən bu dünyada gözümdə mənim,
Huriyə, mələyə tay, qara gözlüm.
Həsrəti, möhnəti qəlbimdən atdın,
Ömrümə sevinci, fərəhi qatdın.
Nizami Qəribə sağkən yaşatdın,
Cənnəti dünyada, ay qara gözlüm.
Nizami Qərib – Pressaz.az