MM komitəsinin sədri Qənirə Paşayeva Məclisin 17 iyun 2022-ci il tarixli iclasındakı çıxışı…

MM komitəsinin sədri Qənirə Paşayeva Məclisin 17 iyun 2022-ci il tarixli iclasında
“Milli Arxiv Fondu haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi”ni ikinci oxunuşda müzakirəsi vaxtı təqdimatla çıxış edib:

“Hörmətli xanım sədr,
hörmətli həmkarlar,
bildiyiniz kimi, “Milli Arxiv Fondu haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi” və bu layihədən irəli gələn digər üç qanunda dəyişikliyi əhatə edən qanun layihə cənab Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında bir məktubla Milli Məclisə təqdim olunmuşdur. Müzakirəyə təqdim olunmuş Qanun layihəsinin Mədəniyyət komitəsində və Milli Məclisdə birinci oxunuşda müzakirəsi yüksək səviyyədə keçdi. Milli Arxiv İdarəsinin rəhbəri Əsgər Rəsulovun iştirakı ilə keçirilən müzakirələr zamanı bir çox dəyərli həmkarımız birbaşa qanun layihəsi ilə bağlı olmasa da, bu sahənin inkişafı ilə bağlı önəmli təkliflərlə çıxış etdi. Düşünürük ki, bu təkliflər Milli Arxiv Fondu və digər müvafiq qurumlar tərəfindən diqqətə alınacaq və Milli Arxiv Fondu işinə öz müsbət töhfələrini verəcək. Qeyd edim ki, həm komitədə həm də Məclisdə qanun layihəsinin birinci oxunuşunda çıxış edən həmkarlarımız, Milli Arxiv Fondu haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini və bu sənəddən irəli gələn digər 3 qanun layihəsini dəstəkləyərək, layihələrin Milli Arxiv Fondu işinin təkmilləşdirilməsinə, inkişafına önəmli töhfələr verəcəyini vurğuladılar.
Birinci oxunuşda qanun layihəsi ilə bağlı hər hansı irad, düzəliş və təkliflərin olmadığını və qanun layihəsinin yekdilliklə dəstəkləndiyini nəzərə alaraq, həmkarlarımı ikinci oxunuşda da qanun layihəsinə səs verməyə çağırıram.
İnanırıq ki, bu qanun layihəsinin qəbulu ən strateji sahələrdən biri olan Milli Arxiv Fondunun fəaliyyətinə, orada çalışan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə dəstək olacaq.
Diqqətinizə görə təşəkkür edirəm”.