Nəğməkar şair Nizami Qəribin söz dünyasından…

ŞUŞA SƏN AZADSAN!

Görmək çətin idi əsir halını,
Qırıb zəncirləri açdıq qolunu.
Çəkib zirvələrdən zəfər yolunu,
Şuşa, sən azadsan! Biz qayıtmışıq!

Bəzəkdir dumanın, çənin başında,
Cənnət təsvir olub hər qarışında.
Can verib, can alıb, haqq savaşında,
Şuşa, sən azadsan! Biz qayıtmışıq!

Boynunu bükməyir xarıbülbülün,
Yenə ətir saçır çiçəyin, gülün.
Məzarı göynəmir Xanın, Bülbülün,
Şuşa, sən azadsan! Biz qayıtmışıq!

Ordumuz düşmənin qəddini əydi,
Xalqımız qələbə libası geydi.
Ali Baş Komandan qürurla dedi:
– Şuşa, sən azadsan! Biz qayıtmışıq!

19.04.2022.

BAŞINA DÖNÜM.

İzin ver ömründə fəsillər olum,
Payızına dönüm, qışına dönüm.
Razıyam, yanıma gəldiyin yolun,
Torpağına dönüm, daşına dönüm.

Qələmlə bənzərsiz cəlal çəkdiyi,
Sevgimə əbədi xəyal çəkdiyi.
Yaradan qüsursuz hilal çəkdiyi,
Gözünün üstündə qaşına dönüm.

Sevgimi dağlara yazıb ölərsəm,
Susuz səhraları gəzib ölərsəm,
Sənsiz yaşamaqdan bezib ölərsəm,
Ağlasan gözünün yaşına dönüm.

Səndən tək məhəbbət istədi Qərib,
Qəlbində arzular bəslədi Qərib.
Eşqindən nə vaxtdır xəstədir Qərib,
Gəlib məlhəmim ol, başına dönüm.

 

YALTAQLARIN DÜNYASIDIR BU DÜNYA.

Özlüyündə hər gədəsi bir bəydi,
Yaltaqların dünyasıdır bu dünya.
İnsan oğlu, qürurluya ögeydi,
Yaltaqların dünyasıdır bu dünya.

Güvənmə ki, ağlın başda, güc qolda,
Pulun yoxsa dostun olmaz sağ-solda.
Vəzifə də, şan-şöhrət də bu yolda,
Yaltaqların dünyasıdır bu dünya.

Hər adama kökdən keçmir, irsi yox.
Bir üzü var, saxta gülər, tərsi yox.
Məktəbi yox, sinifi yox dərsi yox,
Yaltaqların dünyasıdır bu dünya.

Yollarından çən-dumanı itirər,
Bağ-bağçanda gül-çiçəklər bitirər.
Var-dövləti özü çəkib gətirər,
Yaltaqların dünyasıdır bu dünya.

İnsan artır, insanlığın sonudur,
Göz yaşları qəlbin axan qanıdır.
Haqsızı da haqlı kimi tanıdır,
Yaltaqların dünyasıdır bu dünya.

 

Nizami Qərib – Pressaz.az