“Vətənpərvər şair” – Könül Səssiz

Bu gün öz xalqını, vətənini sevən, daim onun xidmətində duran, vətənpərvər insan, hüquqşünas, şair – publisist Ədalət  Əroğlunun ad günüdür. Bu gün onun haqqında çox söz söyləmək olar. Ancaq onun vətənpərvərlik ruhunda yazılmış şeirləri insanın milli mənlik və vətənpərvərlik hisslərini tərbiyə edir, gənclərin bu ruhda böyüməsində mühüm rol oynayır. Onun yaradıcılığına nəzər salan hər bir poeziyasevər vətənpərvərlik ruhunda yazdığı şeirlərin təsirinə düşməyə bilməz.
Vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərliyin dərin və tarixi kökləri vardır. Bu kəlmə insanın yurduna, xalqına, dilinə, adət və ənənələrinə məhəbbət və sədaqətin ifadəsi kimi meydana gəlib. Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir insanın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür.  
Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazan Ədalət Əroğlunun ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə örnəkdir. Onun şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Bu xəzinədə Azərbaycan gəncliyinə vətən sevgisi, torpağa, elə-obaya bağlılıq kimi dəyərlər bəxş edən sözlər yer alıb. Şairin vətənpərvərlik ruhunda yazdığı şeirləri oxuyan hər bir gəncdə millətinə, vətəninə məhəbbət hissi yaranır və belə şeirlər onlarda milli mənlik şüurunu formalaşdırır. Şairin yaradıcılığında yer alan bir sıra şeirlər Azərbaycanda, gözəl Qarabağımızda baş verən hadisələri dilə gətirir və beləcə tarix onun misralarında  yer alır…
Bu gün Ədalət Əroğlunun ad günüdür.  Bu münasibətlə Pressaz.az kollektivi olaraq dəyərli şairimizi təbrik edir, ona həyat və yaradıcılığında uğurlar arzulayırıq.  
Ad gününüz mübarək olsun! 
Könül Səssiz -Pressaz.az