Şair – publisist Nizami Qərib: “Fələk” – FOTO
FƏLƏK
Hara üz çevirdim qınaq gətirdin,
Hər gün sınaq üstə sınaq gətirdin,
Kədəri ömrümə qonaq gətirdin,
Sən mənim bəxtimi yazanda, fələk.
Vədəsiz saçıma yağdırdın qarı,
Qış etdin gözümdə yazı, baharı.
De, xəcalət çəkib, utandın barı,
Sən mənim bəxtimi yazanda, fələk?
Məhkumu gözləyən darmı olmuşdun?
Kül altda közərən qormu olmuşdun?
Gözünmü görmürdü, kormu olmuşdun,
Sən mənim bəxtimi yazanda, fələk?
Qəribi qoymadın bircə gün gülə,
Dilsizi bezdirib gətirdin dilə.
Düşəydin tufana, düşəydin selə,
Sən mənim bəxtimi yazanda, fələk.
26.03.2022.
HƏVƏSİM GƏLMİR
Sevinmək istədim, sevinc yan getdi,
Ruhum üsyan etdi, candan can getdi,
Ömür hədər oldu, vaxt-zaman getdi,
Daha yaşamağa həvəsim gəlmir.
Kar oldum qəlbimin ahı-zarında
Azdım arzuların boran, qarında.
Balıqtək çırpındım həsrət torunda,
Daha yaşamağa həvəsim gəlmir.
Qovuldum dünyanın kənar yerinə,
Ölən ümidlərin məzar yerinə.
O qədər qış gördüm bahar yerinə,
Daha yaşamağa həvəsim gəlmir.
Ağrılar Qəribin qəddini bükdü,
Yolumu qəm kəsdi, dərd qoşun çəkdi.
Yaşamaq çiynimdə ən ağır yükdü,
Daha yaşamağa həvəsim gəlmir.
28.03.2022.
SİLƏNƏ QƏDƏR
Necə soyuq imiş üzü həsrətin,
Dikilib gözümə gözü həsrətin,
Yandırdı qəlbimi közü həsrətin,
Səni ürəyimdən silənə qədər.
Param-parça oldu arzular bir-bir,
Özüm öz hissimə olduqca əsir.
Köməyə yetmədi nə ocaq, nə pir,
Səni ürəyimdən silənə qədər.
Sabahdan incidim, gecədən küsdüm,
Sel kimi kükrədim, yel kimi əsdim,
Yaşamaq eşqindən ümidi kəsdim,
Səni ürəyimdən silənə qədər.
Vəfasız sevgini görüb yoruldum,
Dərdi budağından dərib yoruldum,
Dedim öz-özümə, Qərib, yoruldum,
Səni ürəyimdən silənə qədər..
31.03.2022.
Nizami Qərib – Pressaz.az